İgid odur, atdan düşə, atlana... - FOTO

10:41 - 5 Aprel 2023 - Cəmiyyət

Azərbaycanın əlverişli iqlim şəraiti atçılığın yaranması və inkişafı üçün əlverişlidir. Hələ qədimdən xalq seleksiyası və sonralar bəzi safqanlı atların qanının qarışdırılması nəticəsində Qarabağ, Dilboz atları, Quba yorğası və Şirvan at cinsləri yaradılıb. Xüsusilə Qarabağ atları dünyada daha məşhurdur, daha çox tanınırlar.

Bu atlarla ilk tanışlığım isə çox-çox illər bundan əvvəl Bakı Dövlət Cıdır Meydanında keçirilən cıdır yarışlarında olub. Qarabağ atlarını görəndə çox təəccüblənmişdim. Mən onları ucaboy, dolubədənli, kürən, boz və ağ rənglərdə təsəvvür edirdim. Gördüklərim isə təsəvvür etdiyimdən tamamilə fərqli idilər: ortaboylu, zərif, incə bədən quruluşlu, gözəl eksteryerli, qızılı-kürən və kəhər rəngli.

İkinci dəfə isə Qarabağ Atçılıq Kompleksində olarkən onları yaxından izləmək şansı qazandım. Kompleksin direktoru Elman Qədirov söhbətə Qarabağ atlarının tarixindən başladı. Onun sözlərinə görə, dağ otlaqlarında sürülərdə yetişdirilən bu atların boyu 147-154 sm arasında dəyişir. Olduqca zərif, güclü ayaqlara, möhkəm əzələli bədən quruluşuna, nazik və quru dəriyə sahibdirlər. Onların yalı və quyruğu tünd şabalıdı rəngdə, döş qəfəsi enl olur.

Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Bu zavodlarda damazlıq işləri aparılıb, cins atlar yetişdirilib. Ən böyük atçılıq zavodları isə İbrahim Xəlil xana aid olub. O, ildə iki dəfə Şuşanın Cıdır düzü yaylağında atçaparlar arasında yarışlar təşkil edib. Bu yarışlarda qaliblərə qiymətli hədiyələr verilib, ən yaxşı ayğırlar seçilib. Həmin vaxtlar heç bir xalq gəzintisi və saray şənliyi, adi yarışlar belə at sürmə və idman oyunları olmadan keçirilməzdi. Qarabağ atları həmin dövrdə Qafqazda çox məşhur idi”.

1805-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasının tabeçiliyinə keçdikdən sonra nəcib, dözümlü atların şöhrəti bütün ölkəyə yayıldı. İngilislər də Qarabağ atlarından məlumatlı idilər. 1823-cü ildə ingilis şirkətlərindən biri Mehtiqulu xanın at zavodundan yüksək qiymətə 60 baş madyan alıb, öz ölkəsinə aparmış, yerli atların cinsini yaxşılaşdırmaq üçün istifadə  etmişdi. Çar Rusiyasının atçılıq zavodları da Qarabağ atlarına maraq göstəriblər. 1822-ci ildə imperator I Aleksandr baytar Kerstinqi dövlət zavodlarına at almaq üçün Qarabağa göndərib. Çar Rusiyasının at üzrə əsas mütəxəsislərindən olan K.B.Diterixs bildirir ki, V.Q.Madatov tərəfindən böyük bir ilxı 1830-cu ilin yazında Qarabağdan Rusiyanın cənub quberniyalarına aparılıb.

Qeyd edim ki, Qarabağ xanlığının süqutundan sonra xan nəslinə məxsus təsərrüfatların çoxu erməni əsilli V.Q.Madatov (Madatyan) tərəfindən zor və hiylə ilə ələ keçirilmişdi. Onun Rusiyaya apardığı atlar da həmin təsərrüfatlara aid idi. Satılan atların içərisində təkcə madyanların sayı 200 baş olub. Bu böyük rəqəmdir. Onlardan Don atlarının keyfiyyətinin yaxşılaşdırılmasında istifadə edilib. Bu gün Don atları görkəmi və qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludurlar. Bundan başqa, Kabarda atının qanında Qarabağ atının da qanı axır. 

Avropa və Rusiyaya aparılan atlar isə seçmə, ən yaxşıları idi. Ən yaxşı Qarabağ atları həm də ordu üçün alınırdı. Həmin dövrdə Çar Rusiyasının Qafqaz süvari ordusundakı atların əksər hissəsi Qarabağ atlarından ibarət idi. İngilislər isə Qarabağ atlarını öz süvariləri üçün alıb gəmilərdə Hindistana göndərirdilər. Bu kütləvi hal aldığından, sonda ixracı qadağan edildi. Bəs Qarabağ atlarına marağın səbəbi nə idi? Bu ilk növbədə onların təlimə  yararlığı, dağ şəraitində rəqabət qabiliyyətli olması ilə bağlı idi. Dağ şəraitinə Avropa cins atları dözə bilmir, tez sıradan çıxırdılar. Qarabağ Atçılıq Kompleksin direktoru Elman Qədirov deyir:  “İngilislər Şərq erkək atlarını alıb ölkələrinə aparır və yerli madyanlarla cütləşdirirdilər. Uzunmüddətli seleksiya nəticəsində dünyanın ən sürətli təmizqanlı ingilis minik at cinsini aldılar. Amma onlar düzən şəraitində, ippodrom şəraitində effektli idilər, uzaq məsafələrə hərəkətdə, dağ şəraitinə düşəndə bizim Qarabağ, Dilboz atlarına uduzurdular. Bizim atlar həmin şəraitlərdə çox dözümlü və çevik idilər. Dağlarda və enişlərdə çapa, istənilən yerişdə sərbəst və asanlıqla istiqaməti dəyişə bilirdilər. Qarabağın yaxşı yetişdirilmiş atları heç vaxt yəhərin altında həyacanlanmazdı.

Bəli, Qarabağ atları dözümlülüyü və sahibinə sədaqəti ilə seçilir, 120-140 kq yüklə gündə 60-70 km yol gedə bilirdilər. Dağ şəraitində onların rəqibi yox idi. Bundan başqa, onlar həm soyuq, həm isti iqlimə tez uyğunlaşır, yaxşı yürüş keyfiyyətlərinə malik olub, uzun keçidlər zamanı yorulmazdılar. Bu keyfiyyətlər Qarabağ  atlarına seçim zamanı üstünlüklər verirdi”. 

Qarabağ atlarının dünyada şöhrət qazanmasına bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanmaları da təsir edirdi. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülmüşdü. 
Bu medalın görünən tərəfi idi. Onun arxa tərəfində isə Qarabağ atlarının acı taleyinin başlanğıcı, sönməkdə olan şöhrəti vardı. Çünki  XIX əsrdə Qarabağın seçmə atları Rusiya, Ingiltərə, Iran və digər dövlətlərə aparıldı, хüsusilə madyanların satılması nəticəsində cins keyfiyyəti zəiflədildi. Bunlar Qarabağ atlarına yeni yanaşmanı, cinsin reabilitasiyasını ön plana çəkdi. Odur ki, atların cins keyfiyyətinin qorunması və yaхşılaşdırılması məqsədilə ХIХ əsrin 70-ci illərində Qarabağda Yelizavetpol atçılıq zavodu yaradıldı, lakin zavod səmərəli fəaliyyət göstərə bilmədi. 1883-cü ildə Qafqazda damazlıq təsərrüfatları ləğv edildi, madyanlar və ayğırlar hərraca çıxarılıb satıldı. Sonuncu Xanın damazlığı, bəzi məlumatlara görə, 1905-ci ildə fəaliyyətini dayandırdı.
 Birdən-birə kəskin dəyişikliyə səbəb nə idi?
Bu, birinci növbədə dövlət tərəfindən atçılıq zavodlarına dəstəyin dayandırılması, ikincisi,  Qarabağ atlarının süvari xidmətinə yararsız olması barədə yayılan söz-söhbətlərlə bağlı idi. 1883-cü ildə Zaqafqaziya dəmir yolunun Bakı-Yelizavetpol-Tiflis hissəsinin açılması, avtomobillərin peyda olması da təsirsiz ötüşmədi.  Bundan sonra baş verən inqilablar, müharibələr Qarabağ atlarını arxa plana keçirdi. Onlar unudulma, yox olmaq, nəsli tükənmək təhlükəsi ilə üzləşdi. At cincinin nəslinin kəsilməsi isə hər hansı bioloji növün kökünün kəsilməsi kimidir. Bir dəfə itirdin yoxa çıxır, bir də geri qaytara bilməssən, həmişəlik itirirsiniz. 
Elman Qədirov deyir: “Xoşbəxtlikdən, İkinci Dünya Müharibəsindən sonra Qarabağ atlarını yenidən xatırlayanlar oldu. Təhlükənin qarşısını almaq məqsədilə 1946-cı ildə хüsusi komissiya (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atını, o cümlədən 59 baş madyanı və 1 baş ayğırı seçdi. Bu atlar mütəхəssislər tərəfindən bir daha baхışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradıldı. Vaхtilə bu ərazidə xan zavodlarına məхsus atlar məskunlaşmışdı. 
Bu işlərdə Süleyman Həsənov, Rəhim Səttarzadənin də zəhmətləri az olmadı”.

Həmin dövrdən başlayaraq Qarabağ atları cıdır yarışlarında da iştirak etdi. Kompleksin direktorunun sözlərinə görə, yarışları Mircəfər Bağırov, Teymur Quliyev, Səməd Vurğun, İman Mustafayev və bir çox məşhur adamlar izləyib. 
“Cıdır yarışları başa çatdıqdan sonra qiymətli idman atları beynəlxalq hərraclara çıxarılırdı. Məsələn, 1980-ci illərdə Moskva hərracı vasitəsilə Qarabağ atları Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılmışdı. Bundan əvvəl, 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edilmişdi. Bunlar atlarımızın məşhurluğunun göstəricisi idi. 

Qarabağ atlarının ən ağır günləri isə 1993-cü ildən başlayıb. “Ermənilər Qarabağ atlarını ələ keçirmək və onlara sahib çıxmaq istəyirdilər. Lakin rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq müxtəlif ərazilərə aparıldı. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürüldülər”,- Elman Qədirov bildirir.
Beləliklə, Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşamağa məcbur oldu. Onların saxlanıldığı yerlərin heç birinin torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yeri olan Ağdamın əvəzini verə bilmədi. İllərlə köhnə, uçuq-salxaq tövlələrdə saxlanıldı, fərdi qulluq edilməsi, təlim keçilməsi, cıdıra hazırlanması üçün əlverişli şərait olmadı. Bunlar isə öz mənfi təsirini göstərdi. Amma bütün çətinliklərə baxmayaraq, onları bu günədək qoruyub saxlamaq mümkün oldu. 
Dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün 2014-cü ildən Qarabağ Atçılıq kompleksinin tikintisinə başlanıldı və kompleks 2018-ci ildə istifadəyə verildi. Hazırda kompleksdə 300-ə yaxln at  saxlanılır. 
Elman Qədirov bildirir ki, artıq Qarabağ atlarının nəslinin yox olma təhlükəsi yoxdur. “Mən 2021-ci ilin aprelindən burada direktor kimi şalışıram. Biz kompleksə şəxsi adamlardan 9 baş erkək at gətirmişik. Onların şəcərəsi xan qızının atcılıq zavodunadək gedib çıxır. Şəxsi adamlardan müəyyən şərtlərlə madyanlar da gətirmişik: cinsin tələblərə tam uyğun gələn balalarından kompleksdə saxlayaq, onların sayını artıraq. Niyə madyanların sayını artırırıq? Çünki nə qədər çox bala olarsa, onların arasından cinsinin tələblərinə uyğun bala seçmək imkanı daha çox olur. Bunu təmin etdikdən sonra bizim artıq Qarabağ atları ilə bağlı qorxumuz olmayacaq. Erkək atlarla bağlı problemlərimiz də həll olunmaq üzrədir. Göygol rayonunda süni mayalanma mərkəsi var. Artıq cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda, Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə kömək göstərəcək. Allah eləməsin, birdən erkək atların başına bir iş gəlsə, bizim əlimizdə onların dondurulmuş toxumu olacaq. Məqsədimiz Qarabağ atlarının cins olaraq əlamətlərini cəmləmək və bu cinsin bərpasını təmin etməkdir”.
Elman Qədirov şəxsi adamlardan atların cəlb edilməsinə də aydınlıq gətirdi: “Ötən müddət ərzində o qədər qohum cütləşmələri olub ki, bu da cinsin keyfiyyətinə mənfi təsir göstərib. Biz inbridinqə (qohum çarpazlaşma) gedə bilməzdik.
Ona görə də, məcbur olub atları kənardan gətirdik ki, heç olmasa qohumluq üçüncü nəsildən o tərəfə düşsün.
Atların keyfiyyətini artırmaq üçün çıdır yarışlarına da ehtiyac var. Dörd ildir cıdır yarışları keçirilmir. Amma bu ilin may ayının 6-da Binə Atcılıq Mərkəzində cıdır mövsümü başlayacaq. Bu barədə bizə məlumat veriblər. Hazırda 35 atı yarışlara hazırlayırıq, amma cıdıra çıxara biləcək daha çox atlarımız var. Onların hər birinə fərdi qulluq olunur. Çıdırda mükafat alan atların mehtərləri də yaxçı maaş alacaqlar. O da məcbur olub ata yaxşı baxacaq ki, çox pul qazansın. 
Keçən il atlarımızın təsərrüfat daxili sərgisini də keçirmişik. Çalışdıq ki, sərgilərlə yanaşı hərraclar da keçirilsin. Qarabağ atının, Dilboz atının keçmiş ənənəvi şöhrəti geri qayıtsın. Bundan başqa, xarici bazara çıxmaq, davamçı kimi istifadə etmədiyimiz atları satmaq istrəyirik. Bu, həm də təsərrüfatın büdcəsinə vəsaitin daxil olması deməkdir. 
Məndən həmişə Qarabağ atının qiymətini soruşurlar. Deyirəm: 
–    Atın qiyməti alıcısından asılıdır. Ola bilər ki, bir ata 200 min manat versinlər, ola da bilər heç min manat da verməsinlər. Qiymət atın göstəriciləri ilə yanaşı alıcıdan da asılıdır”. 
Elman Qəribov Rusiyaya satdığı atlardan da danışdı: “Hər biri 5 min manatdan 4 baş at satmışam. Amma bilirəm ki, ucuz satmışam. Niyə? Çünki istəyirəm ki, xarici bazara çıxam”.
Onun sozlərinə görə, Ağcabədidə Qarabağ atlarının inkişafı üçün gözəl şərait yaradılsa da, bura onlar üçün çox istidir. Bu atların məskəni Ağdamın Eyvazxanbəyli kəndidir, dağlıq, dağ ətəyi ərazilərdi. Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək. Artıq Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Yaxın vaxtlarda Kompleksinin tikintisinə başlanılacaq”. 
Beləliklə, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır, tarixi şöhrəti özünə qaytarılır. Bütün bunların nəticəsində isə atlarımız yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qürur mənbəyinə çevriləcək.
 


Xəbər xətti