Lənkəran sakininin evində 6 kq heroin aşkarlanıb

11:44 - 30 Mart 2023 - HADİSƏ

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samit Baxşiyev saxlanılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Axundovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı E.Axundovun üzərindən və yaşadığı evdən 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla E.Axundovun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son 10 gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb. Ümumilikdə isə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı cari ilin əvvəlindən 40 kiloqrama yaxın təkcə güclü təsiredən xassəyə malik narkotik vasitə heroin qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti