Kadi Borges Azərbaycana gəlib.
Bu ilin yanvarında 5 milyon avro qarşılığında "Qarabağ"dan "Krasnodar"a transfer olunan braziliyalı yarımmüdafiəçi Bakını gəzib.
O, ticarət mərkəzlərinin birində görünüb, sabiq klubunun düşərgəsini ziyarət edib, məşqi izləyib, futbolçular və baş məşqçi Qurban Qurbanovla görüşüb.
Hazırda Rusiya çempionatında fasilə elan olunub. Ölkənin yığması bu gün İranla yoxlama matçı keçirəcəyindən, Premyer Liqa klublarına istirahət verilib.
Kadi bunu fürsət bilərək, sevgilisi və övladı ilə bura gəlib. 26 yaşlı braziliyalı şəhərimizdə ailə üzvləri üçün 12 min manatlıq alış-veriş edib.
Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi "Qarabağ"da çıxış edib.
Azərbaycan klubunun heyətində meydana çıxdığı 75 matçda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.///sportinfo