Oğuz rayon Arzu Əliyev adına Padar kənd tam orta məktəbdə "Üç əsri özündə yaşadan məktəbim" adlı məktəbin yubiley tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı Əhəd Abdıyev, şəhid ailə üzvləri, qazilər, RİH və rayon təhsil sektorunun, o cümlədən digər idarə və dövlət orqanlarının əməkdaşları, məktəb kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Əntiqə Tahirova qonaqları salamlayaraq təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov məktəb kollektivini 140 illik yubiley münasibətilə təbrik edib. Məktəb kollektivinə bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. Eyvaz Qurbanov öz çıxışında 140 illik şərəfli bir yol keçən məktəbin müəllimlərinin zəhmətinin bəhrəsi, onların yetişdirdikləri şagirdlərin müxtəlif sahələr üzrə ali təhsil alması, Vətən üçün layiqli övlad olmasını xüsusi qeyd etmişdir.
Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tədris ocağının kollektivini yubiley münasibəti ilə təbrik edib.Təhsilin dövlət siyasətinin prioritetlərindən biri olduğunu bildirən ŞZRTİ-in müdiri Bəhruz Mehdiyev Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər qonaqlar 140 illik yubiley münasibətilə məktəb kollektivini təbrik edərək öz səmimi fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Çıxışlardan sonra təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub.
Yubiley tədbirində şagirdlərin təqdimatında vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.