Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan "Azercell" ötən ilin yekun hesabatını açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. Osman Gündüz qeyd edir ki, bununla bağlı açıqlamaya, təqdim edilən statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, "Azercell" dövlət şirkətinə çevriləndən sonra bəlkə də ilk dəfə olaraq müşahidə etdim ki, vəziyyət müsbətə doğru dəyişib:
"Amma mobil sektorda ən yüksək bazar payına- 48%-dən çox paya sahib olan "Azercell" maraqlıdır ki, yenə də gəlirlərini açıqlamayıb. Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib .
Ümumiyyətlə, diqqət cəlb edir ki, "Azercell" "dövlətləşəndən" sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir. Hansı ki, bu, normalda əksinə olmalıydı, "dövlətləşəndən" sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalıydı".
AİF rəhbəri vurğulayır ki, əvvəlki hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, görülən işlər, layihələr və tədbirlər daha çox gözə çarpsa da, digər bir çox əhəmiyyətli məqamlara da aydınlıq gətirilməyib:
"Açıqlanan geniş məlumatda abonent bazasındakı dəyişiklik (açıqlanan faizdən görünür ki azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü , rouminqlə bağlı gəlirlər, xidmətlərlə - məsələn Asan imzadan əldə olunan gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur.
Ümid edirəm ki, hesabat tam açıqlananda və sayta yerləşdiriləndə ictimai əhəmiyyət kəsb edən məlumatları görə biləcəyik".