Bu, sahibkarlıq subyektlərinin inkişafı baxımindan olduqca məqsədəuyğundur
Azərbaycanın sosial-iqtisadi inkişafının sabit və tarazlı dinamikası, turist biznes resurslarının potensialı, onlardan istifadə, ərzaq təhlükəsizliyi aktual olan məsələlərdir. Bu səbəbdən də qida təhlükəsizliyinin innovativ və davamlı inkişafını təmin etmək, prioritet heyvandarlıq sahələrində səmərəliliyin artırılması, makroiqtisadi uğurlara nail olmaq üçün aqrar islahatlar real şəraitə uyğun aparılmalıdır. Torpaq sahələri ayrı-ayrı fərdlərdə və ya ev təsərrüfatlarında deyil, iri fermer təsərrüfatlarda, aqroparklarda cəmləşməlidir. Çünki kiçik təsərrüfatlar iqtisadi cəhətdən səmərəli deyil, yüksək məhsuldarlığa nail ola bilmirlər.
Kiçik təsərrüfatlar səmərəsizdir
Əhalinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dönəmdə Azərbaycan effektiv fəaliyyət göstərən, az resurslar sərf etməklə daha yüksək kənd təsərrüfatı məhsulların istehsalına nail olmalıdır. Kiçik fermer təsərrüfatları ilə qarşıya qoyulan məqsədə çatmaq mümkün deyil.
Çünki sahibkarın sərəncamında az torpaq olduqda onun təsərrüfatı rentabelli işləyə bilmir, xərcləri kifayət qədər çox olur, bazar və ixrac yönümlü məhsul istehsalının təşkili potensialı aşağı düşür. Nəticədə kiçik sahibkarlıq təsərrüfatları müxtəlif səbəblərdən (maliyyə, texnika və s) yüksək iqtisadi artımı təmin edə bilmirlər.
Digər tərəfdən kiçik təsərrüfatlarda kənd təsərrüfatı texnikalarından istifadə də effektli deyil. Traktorların qiymətləri xərcləri ilə birlikdə markasından asılı olaraq 25-30 min dollar arasında dəyişir. Kombaynların qiymətləri də modifikasiyasından və istehsalçı ölkələrdən asılıdır. Rusiyada istehsal edilən kombaynlar 40-60 min dollara satılır. Finlandiya istehsalı olanlar 80-100 min dollar, alman istehsalı olan texnikanın qiyməti isə 120-150 min avrodur. Belə bahalı texnikaların dəyərini ödəmək əksər sahibkarların imkanları xaricindədir. Bu texnikalar yalnız böyük sahibkarlıq təsərrüfatlarında effektli olur. Bu təsərrüfatların maliyyə resursları da məhdud olur. Ona görə də Azərbaycanda kişik fermer təsərrüfatlarının iri təsərrüfatlarda birləşməsi səmərəlidir. İlk növbədə təkbaşına yüksək səviyyədə kənd təsərrüfatı məhsulu istehsalına və yaxud torpaqdan daha səmərəli istifadə edə bilməyən sahibkarlar bu problemi həll etməlidir. Bunun üçün də bir araya gəlməli, könüllülük prinsipi əsasında aqrar mülkiyyətlərini - torpaqlarını, kənd təsərrüfatı texnikalarını və digər resurslarını kooperativ xüsusiyyət əsasında qurulan müəssisə çərçivəsində birləşdirərək səmərəliliyi artırmaq imkanı qazanmalı, kollektiv əmək mexanizmindən istifadəyə üstünlük verməlidirlər. Məhsulun həm istehsalı, həm də emalı və ya bazara çıxarılması bir fermerin görəcəyi iş deyil, onun maddi imkanları buna imkan vermir. Belə olan halda iri təsərrüfatlar önə çıxmalıdır.
Ağcabədidə iri fermer təsərrüfatının rəhbəri Famil Quliyev bildirir ki, rəhbərlik etdiyi təsərrüfatı kiçik fermer təsərrüfatlarının birləşməsi nəticəsində yarada bilib. “Kimlərinsə şəxsi, xüsusi mülkiyyətinə aid olan torpaqlar əlindən alınmayıb. Biz təsərrüfatlarımızı birləşdirdik, çünki xüsusi mülkiyyət sahibi olan fermerlər ikisi, üçü bir yerdə birləşir ki, daha güclü olsun. Biri var təkbaşına 2-3 hektarda yeri becərəsən, bunun üçün böyük sərvət sərf edəsən, sərmayə qoyasan, biri də var ki, 100 hektar torpağı becərəsən, həm özün qazanasan, həm də səninlə işləyən insanlar. Bunun nəticəsidir ki, ötən il 100 hektarda pambıq əkdik və yüksək məhsuldarlıq əldə edərək emal sənayesini keyfiyyətli xammal təmin etdik. Biz pambıqçılıq sahəsində sistemli iş quramağı bacarddıq”.
Qeyd edim ki, 2022-ci ildə pambıqçı fermer Famil Seymur oğlu Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olundu.
İri fermer təsərrüfatlarının sahibləri İbrahim Ağamirov, Eldəniz Şirinov, Novruz Mamedov, İsa Mürşüdov, Hətəm Nağıyev, Etibar Şirinov, İsgəndər Hüseynov da yüksək məhsuldarlıq əldə etmişdilər.
Avtoparklar innovativ və əlverişli mexanizmdir
Göründüyü kimi böyük həcmli təsərrüfatın yaranması, xırda həcmli təsərrüfatın yaradılmasından daha faydalıdır. Onlar yeri gələndə öz potensiallarını istifadə edə bilirlər. Bu isə imkan verir ki, texnikadan səmərəli istifadə edilsin.
Maddi imkanlar da kiçik təsərrüfatlara nisbətən daha genişdir, bazarda da güclü rəqibdir. Bu, məhsuldarlığın artırılmasına, regionların inkişafına, yeni iş yerlərinin açılmasına, iri şəhərlərə axının qarşısını alır, İri torpaq sahələri lizinqə verilmiş texnikaya görə vəsaitin yığılmasına da müsbət təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iri təsərrüfatlarının yaradılmasını, xüsusilə aqroparkların yaradılmasını vacib sayır. Dövlət başçısı bildirib ki, iri fermer təsərrüfatlarının fəaliyyəti, xüsusilə taxılçılıq, üzümçülük, bitkiçilik və heyvandarlıq sahələrində dönüşə gətirib çıxaracaq ki, bu məhsullar üzrə idxalından asılılıq minimuma ensin. “Bununla bərabər, aqroparklar salınır, yeni emal müəssisələri yaradılır. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq", - dövlət başçısı deyib.
Qarşıya qoyulan vəzifə isə uğurla yerinə yetirilir. Dövlət başçımızın bildirdiyi kimi iri fermer təsərrüfatları və aqroparklar kənd təsərrüfatı və emal sənayesinin inkişafı baxımından da vacibdir. Onlar imkan verəcək ki, elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlığı yüksəlsin, maya dəyəri aşağı salınsın, daha daha çox kənd təsərrüfatı məhsulları istehsal olunsun. Bunu Ağcabədidə 3 aqroparkdan biri olan “Ağcabədi Taxıl Aqropark”ın timsalında görmək mümkündür. Ölkə üçün çox əhəmiyyətli və strateji məhsul sayılan buğda, arpa və pambıq məhsullarının istehsalı ilə məşğul olan “Ağcabədi taxıl Aqropark” əkin sahələrində yüksək məhsul götürüb: məsələn, buğdanın məhsuldarlığı 50 sentner, arpanın məhsuldarlığı təqribən 60 sentner, pambıqda isə bu göstərici 45 sentner olub. Nəzərə alaq ki, respublika üzrə buğda üzrə orta məhsuldarlıq hektara 31,9 sentner, pambıq üzrə isə 30,92 sentner təşkil edib. Aradakı fərq kifayət qədər yüksəkdir. Məhsuldarlığın artmasına isə sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və suvarmada müasir metodlardan istifadə və digər amillər təsir edib. Bunlar bütün resursların bir əldə cəmlənməsi sayəsində mümkün olub. Kiçik təsərrüfatlar bu imkana sahib deyillər.
Bu il də aqropark yüksək məhsul əldə etmək, ötən illə müqayisədə istehsal həcmini təxminən 10 faiz artırmağı planlaşdırır. Artıq gələcək uğurun təməli qoyulub: 509 hektarda arpa, 587 hektarda buğda əkilib. Mövsümündə 690 hektarda da pambıq əkiləcək. Buğda biçinindən sonra ikinci məhsul üçün qarğıdalı əkini nəzərdə tutulub. 2023-cü ildə həm də 120 hektar sahədə salınmış badam bağından ilk məhsul yığılacaq.
“Ağcabədi taxıl Aqropark”da emal sahəsində İsrail texnologiyasndan istifadə etməklə yüksəkkeyfiyyətli qaba yem istehsal olunur. Məhsul 40 kiloqramlıq və 1 tona yaxın olmaqla qablaşdırılır. Yemin tərkibi ətlik və südlük heyvanlara görə fərqlənir. Bu məhsullar Bakıdakı satış mərkəzlərində alıcılara təklif olunur. Həm də menecerlər tərəfindən alınır. Yəni məhsulun kifayət qədər alıcısı var. Bundan başqa, aqroparkın ərazisində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılmış sex və buğda saxlamaq üçün 30 min ton tutumu olan silolar (bunker) da var.
Göründüyü kimi ərazidə bir-birini tamamlayan və ümumi xammal bazasında fəaliyyət göstərən, bir-biri ilə əlaqəli istehsalat sahələri yaradılıb. Nəticədə torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi həyata keçirilib, istehlakçılar keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullarla təmin edilir. Gələcəkdə aqropark yerli bazarı məhsulla tam təmin etdikdən sonra xarici bazara da çıxmaq niyyətindədir.
Ağcabədi taxıl Aqropark” həm də işğaldan azad edilmiş ərazilərimiz üçün taxıl məhsullarının yetişdirilməsi, hazırlanması və istifadəsinə də imkan yaradacaq.
Bir aqroparkın timsalında iri təsərrüfatların nə dərəcədə səmərəli olduğunu diqqətinizə çatdırdıq. Respublikada isə müxtəlif təyinatlı onlarla aqroparklar var. Ölkəmizdə aqrar sahənin inkişafı onlarla sıx bağlıdır.
Beləliklə, aqroparklar innovativ və əlverişli mexanizmdir, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verir, yeni investisiyaların cəlb edilməsinə və qeyri-neft məhsullarının ixracının artmasına səbəb olur.
Pünhan Əfəndiyev