Bu gün Su çərşənbəsidir

07:35 - 21 Fevral 2023 - ÖLKƏ İÇİ

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

Su çərşənbəsi suya tapınma inancı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.
Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirlər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.

Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirərlər. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz baxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar

 Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur.
  Su çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır.
  Səmənini ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir.

Xəbər xətti