Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

16:06 - 17 Fevral 2023 - MEDİA

Fevralın 16-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər ürə Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Ucnoqta.az-a Mətbuat Şurasından bildirilib.
 İclası giriş sözü ilə açan komissiya sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.

Toplantıda müxtəlif vətəndaş qrupları tərəfindən ünvanlanmış 9 şikayət nəzərdən keçirilib. Bunlar ilə əlaqədar Şuranın Katibliyi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin şikayətlərdən 8-nə dair müvafiq tədbirlər görülüb. Bunlardan 5-i ilə bağlı şikayətçi tərəfə aidiyyatı qurumlara müraciət ünvanlamaq tövsiyə edilib. 3 şikayət üzrə isə tərəflər arasında anlaşmanın əldə edilməsi təmin olunub. Komissiya verilmiş məlumatı məqbul qiymətləndirib.

Şikayətlər üzrə Komissiya konkret olaraq şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun “Axar.az” saytı ilə bağlı şikayətini araşdırıb. Həm şikayətçi tərəfin, həm də “Axar.az”ın məsələ ilə əlaqədar məktubları nəzərdən keçirilib. Komissiya üzvləri müəyyənləşdiriblər ki, yazıda S.Aruza münasibətdə səslənmiş iddia və ittihamların əsaslandırılması konkret faktlar ilə müşahidə edilmir. İddia və ittihamların doğruluğuna gəldikdə, sayt cavab məktubunda bunu sübuta yetirmək üçün faktlarının olduğunu açıqlayıb. Həmin faktların doğruluğunu yoxlamaq isə Şuranın səlahiyyətində deyil.

Komissiya üzvləri müzakirələrdən sonra belə qərara gəliblər ki, “Axar.az” saytının S.Aruza yazıda səslənmiş fikirlər ilə bağlı cavab vermək haqqını tanıması yaranmış problemin aradan qaldırılması üçün ən optimal variantdır.

Komissiya üzvləri, eyni zamanda, müxtəlif şikayətlərin müzakirəsi zamanı bəzi media subyektlərində bir şəxsi aşkar şəkildə hədəfə alma meyillərinin mövcudluğunu və onların jurnalist peşəkarlığına zidd forma və metodlar, tənqid hədəfinə münasibətdə aşağılayıcı elementlər ilə nəzərə çarpdığını müəyyənləşdiriblər. Onlar media müstəvisindəki bu sayaq sui-istifadələrə qarşı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Çünki belə təmayüllər media müstəvisindən tam kənardır. Məsələnin Mətbuat Şurasının İdarə Heyətinin iclasında müzakirəyə çıxarılması məqbul qiymətləndirilib.

Xəbər xətti