Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.
Ucnoqta.az xəbər verir ki, fevralın16-da İsmayıllıda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi gül dəstələri ilə ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbir Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdən öncə Mərkəzin foyesində təşkil edilən sərgi və “Heydər Əliyev İsmayıllıda” adlı stendlərlə baxış keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini və qardaş Türkiyədə zəlzələ nəticəsində vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olduğunu qeyd edib. Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.
Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək bu müqəddəs irsi qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu qeyd edib və Heydər Əliyev irsinin öyrəncisi və təbliğatçısı olmaq, bu mənəviyyatı gənc nəslə ötürmək vətən qarşısında şərəfli bir vəfa borcu olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına etdiyinə görə Cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş partiya veteranı Yaşar Nuriyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü Azad Manaflı, şəhid Həsən Abdullayevin atası Aydın Abdullayev öz çıxışlarında vurğulayıblar ki, dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.
Sonda rayon təşkilatında səmərəli fəaliyyətinə görə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fərqlənən bir qrup partiya fəalları YAP İsmayıllı rayon təşkilatının fəxri fərmanları və partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.