Etibarlı ərzaq təminatı bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ucnoqta.az xəbər verir ki, bu tədbirlər bəzən effektli olmur. Çünki dünya bazarlarında yenidən enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbat artır. Habelə iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblər ərzaq məhsullarının dünya miqyasında qiymətlərinin artacağını proqnozlaşdırır. Bu şəraitdə ərzaq idxalı sahəsində müəyyən çətinliklərin yaşanacağı istisna olunmur. Cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi isə problemlərin həlini gündəmə gətirir.
Azərbaycanın ən çox ehtiyac duyduğu ərzaq məhsulu isə buğdadır. O ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas kənd təsərrüfatı məhsuludur.
Təlabatın bir hissəsi idxal hesabına ödənilir
Azərbaycanın illik buğda tələbatı təxminən 3,2 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir. 2022-ci ildə 547.2 min hektar sahədən 1736.1 min ton buğda istehsal olunub, xaricdən 398 milyon 9 min dollar dəyərində 1 milyon 167 min 957 ton buğda idxal edilib. 2022-ci ildə ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 341 dollar (579 manat), 2021-ci ilin eyni dövründə orta qiymət 282 dollar (480 manat) təşkil edib. Bu da onu göstərir ki, buğdanın idxal dəyəri artıb.
İdxalın yerli buğda istehsalı ilə əvəz etmək üçün isə imkanlar var. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının mövcud torpaqlarında taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlər və minalardan təmizlənmiş torpaq sahələri əkinə cəlb edilməlidir. Bu günədək 59 055 hektar ərazi minalardan təmizlənib, 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Qarşıdakı 5 ildə azad olunmuş ərazilərdə minalardan təmizlənmə təxminən 280 min hektar ərazini əhatə edəcək. 200 min hektar torpaq isə əkin sahələri üzrə inventarlaşacaq. Hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınaraq kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl istehsal olunacaq.
200 min tona yaxın buğda götürmək mümkündür
Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və bu sahələrdə ildə 150 min ton müxtəlif növ taxıl istehsal edilirdi ki, bunun təqribən 100 min tona yaxın buğda idi. Onun da bir hissəsi Ermənistana ixrac edilərək ölkənin daxili tələbatının 20-30 faizini təmin edirdi. Bu Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Bu rəqəm sonrakı illərdə dəyişəcək. Birincisi, əkin sahəsi genişləndiriləcək. Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələr 50 min hektardan 100 min hektara kimi artırılacaq. Əsasən Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Füzuli rayonlarında, o cümlədən Laçının bir hissəsində taxıl sahələri genişləndiriləcək. Ağdam, Füzuli rayonları vaxtilə Azərbaycanın ən böyük taxılçılıq rayonları olub.
İkincisi isə müasir texnologiyalardan istifadə etməklə məshuldarlıq artırılacaq. Bəzi ölkələr var ki, hər hektardan 60-70, hətta 80-90 sentner taxıl götürürlər. Amma Azərbaycanda keçən il taxılın məhsuldarlığı 31,9 sentner olub. Bu, bizi qane etmir. Müasir texnologiyalardan, bölgələrə uyğun taxıl sortlarının seçilməsi ilə taxılın məhsuldarlığı 40-45 sentnerə çatdırıla bilər. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarda münbit torpaqlar buna imkan verir. Taxılın məsuldarlığını digər regionlarında da 45-50 sentrə çatdırılsa ərzaq buğdasına olan tələbatımızı ödəmiş olar. Bu halda xaricdən az miqdarda buğda alarıq, təxminən 5 ildən sonra isə ərzaq buğdasına olan tələbatımızı tamamilə ödənilər.
Ərzaq təhlükəsizliyinin, xüsusən də taxıla olan tələbatın yerli istehsal hesabına təmin edilməsi qarşıdakı dövr ərzində genişləndirilməsi bəzi parametrlər üzrə olduqca vacibdir. İlk növbədə ona görə ki, Azərbaycanın ərzaq məhsulları ilə təmini sahəsində xarici asılılıq tam aradan qalxır və dünya iqtisadiyyatında qlobal maliyyə böhranı kimi fəsadlar, eləcə də bu qəbildən olan digər problemlər ölkəmizin ərzaqla təminatında heç bir çətinlik yaratmır. Digər tərəfdən Azərbaycan ərzaq təhlükəsizliyində vacib rol oynayan məhsullarla özünü tam təmin etdikdən sonra əlavə məhsulun ixrac edilməsi hesabına da iqtisadiyyatını gücləndirmək imkanları qazanır.
Pünhan Əfəndiyev