Masallı sakinlərindən 16 qanunsuz ov tüfəngi götürülüb

19:20 - 17 Yanvar 2023 - ÖLKƏ İÇİ

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son 10 gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, bundan başqa, şöbə əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Məmmədxanlı kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Qafarov saxlanılıb.

Ondan 1 ədəd ov tüfəngi və 2 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Xəbər xətti