Rusiyanın "Ximki" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevlə baş məşqçi Spartak Qoqniyev arasında insident olub.
"Report"un "Sport-Express" nəşrinə istinadən məlumatına görə, hadisə Türkiyənin Belek şəhərindəki təlim-məşq toplanışı zamanı baş verib.
41 yaşlı mütəxəssisin çoxsaylı iradlarından narazı qalan Quliyev onu təkbətək söhbətə çağırıb. Qoqniyevlə 27 yaşlı oyunçunu sakitləşdirmək mümkün olsa da, bu, komandadakı gərginliyi aradan qaldırmayıb.
Quliyev "sport24.ru" saytına açıqlamasında xəbəri məlumatı təkzib etməsə də, baş məşqçini söhbətə çağırmasını cəfəngiyyat adlandırıb: "Niyəsini bilmirəm, amma mediada daim məni pis adam kimi göstərirlər. Təkbətək söhbətə çağırmaq nədir? Bunu məşqçiyə necə təklif edə bilərəm? Kimsə buna inanırsa, deməli, ağlı azdır. Düzdür, baş məşqçi ilə aramızda bir az anlaşılmazlıq oldu, amma danışdıq və hər şey həllini tapdı. Bəli, söhbət şirin deyildi, amma hər şeyi aydınlaşdırdıq. Mən vəziyyəti bir cür başa düşdüm, mütəxəssisi başqa cür. Zədəmlə bağlı anlaşmazlıq oldu. Hər şeyi danışdıq, zədəli olduğum üçün fərdi məşq etdiyimi bildirdim. Söhbət burada bitdi. Son zamanlar "Ximki"də münaqişələr çox müzakirə olunur. Görünür, insanlar məni də bu hekayəyə əlavə etmək istəyirlər".
Qeyd edək ki, "Ximki" ilə 2024-cü ilin iyununadək müqaviləsi olan Ayaz Quliyevin Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.