2022-ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 121138 müraciət daxil olub.
Bu barədə Ucnoqta.az-a Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 314 329, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 70 654, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 23 005, digər məsələlərlə bağlı 27 479 müraciət daxil olub.
Bundan başqa miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 19 480 qərar qəbul edilib.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı 10 848 olub. Bunlardan 5780-i tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə, 5068-i isə ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə olub.
İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişini məhdudlaşdırma ilə bağlı qəbul edilmiş 7736 qərardan 1908-i inzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 5828-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlıdır.
Həmçinin qeyd edək ki, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilən 5828 qərardan 5617-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 211-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.
Məlumata görə, Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 348, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 471, Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulması ilə bağlı 35, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi ilə bağlı 42 qərar qəbul edilib.