Qusarda ev yandı, nənə və nəvəsi öldü - YENİLƏNİB

11:06 - 14 Yanvar 2023 - HADİSƏ

Qusar rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

10:30

Qusarda iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat qəsəbəsində sakin Ənvər Əlirzayevə məxsus evdə qeydə alınıb.

Belə ki, səhər saat 8 radələrində yanğın baş verməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedərək FHN əməkdaşları ilə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər görüblər. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində Ə.Əlirzayevin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayev və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.

 

Xəbər xətti