Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Ucnoqta.az-a bildirib ki, hidrometeoroloji proqnozlar bürosunun verdiyi məlumata əsasən, 8 yanvar tarixindən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir:
“Meteoroloji vəziyyəti nəzərə alıb sürücülərdən xahiş edirik ki, öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər. Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər.
Bir daha sürücülərdən hava şəraitinə uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”.