Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda səmərəli elmi fəaliyyəti ilə fərqlənən alimlərin və laboratoriyaların mükafatlandırılması tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev elmi müəssisədə çalışan elmi işçilərin 2022-ci il ərzində fəaliyyətlərinin 14 meyar əsasında qiymətləndirildiyini və əldə olunan göstəricilər əsasında həm laboratoriyaların, həm də elmi işçilərin reytinq siyahılarının hazırlandığını qeyd edib. Akademik diqqətə çatdırıb ki, məqsəd İnstitutda aparılan elmi tədqiqatlarının səmərəliyinin artırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması, eyni zamanda alimlərimizin əməyinin qiymətləndirilməsi, onların elmə həvəsləndirilməsi üçün sağlam rəqabət mühitinin yaradılmasıdır.
V.Fərzəliyev bildirib ki, artıq bu qiymətləndirmə 5 ildir ki, həyata keçirilir və elmi işçilərin fəallığının artırılmasına təsir edir.
Əsasən elmmetrik meyarlar əsasında aparılan qiymətləndirilmə prosesi haqqında məlumat verən İnstitutun icraçı direktoru, Qiymətlətləndirmə Komissiyasının sədri, k.e.d. Əfsun Sucayev bildirilib ki, qiymətləndirməyə 81 elmi işçi cəlb olunub: “Əsas qiymətləndirmə meyarları kimi, elmi işçinin çap olunmuş elmi əsərləri, həmin əsərlərdən nüfuzlu xarici jurnallarda (Web of Science, Scopus, РИНЦ) olması, əsərlərə istinadlar, müəllifin H-indeksi, patentləri, beynəlxalq, respublika konfranslarda iştirakı, inovativ fəaliyyəti, yüksək ixtisaslı kadr hazırlığı, qrant layihələrində iştirak, ictimai fəallığı və sair götürülmüşdür”.
Ə.Sucayev vurğulayıb ki, qiymətləndirmənin nəticələrinə görə, “Sürtkü kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Yulduz Ramazanova I yer, 2Triboloji xassələrə malik üzvi birləşmələr2 laboratoriyasının aparıcı elmi işçiləri - kimya üzrə fəlsəfə doktoru, dosent Nelya Novotorjina və kimya üzrə fəlsəfə doktoru Qəribə Qəhrəmanova II yer, həmin laboratoriyanın böyük elmi işçisi İnqilab İsmayılov və “Mühafizəedici üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi Leyla Səfərova III yer qazanıblar.
Laboratoriyalardan isə “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyası I yerə, “Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyası II yerə, “Sürtkü kompozisiyaları” laboratoriyası və “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyası III yerə layiq görülüblər.
Qalib olan alimlərə və laboratoriyalara pul mükafatları təqdim edilib.