Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Ucnoqta.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.
“Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.
“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Kəpəz”in oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.
“Kəpəz”in oyunçusu Giorgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. Komandanın digər futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. Ümumilikdə isə “Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilib.
“Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Zirə” komandasının oyunçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib. Bu komandanın digər oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimələnib.