“Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm” - AFFA rəsmisi

18:00 - 22 Dekabr 2022 - İDMAN

“Özüm də adımı təltif olunanların siyahısında bir qədər əvvəl gördüm, sevinc hissi keçirdim”.

Bunu “Report”a açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı alması ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi buna görə AFFA rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib: “Bizə dəyər verdikləri üçün minnətdaram. Şöbəmizdə çalışan daha bir işçimiz, həmçinin digər şöbələrdə işləyən əməkdaşlarla yazışdıq, bir-birimizi təbrik elədik”.

Fəxri ada layiq görülən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Töhrə Əhmədova da bunu özü üçün xoş xəbər hesab edib: “Təbii ki, çox sevindim. Hər kəsə daim xoş xəbərlər alıb, belə sevinc yaşamağı arzu edirəm. Bu ada layiq görüldüyüm üçün AFFA rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib, mənimlə bərabər siyahıda adları olan iş yoldaşlarımı da səmimi qəlbdən təbrik edirəm”.

Qeyd edək ki, AFFA rəsmiləri İslam Abbasov Firuz Qarayev, Könül Mehdiyeva, Elçin Məmmədov, Töhrə Əhmədova, Bəhram Dadaşov, Murad Məmmədov və Kifayət Mustafayeva bədən tərbiyəsi və idmanın təbliğindəki və inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüblər.

Xəbər xətti