İslam pərdəsi altında şeytani əməllərlə məşğul olan cənub qonşumuz Azərbaycana qarşı artıq bütün əndazəni aşıb. Özünün də dediyi kimi qırmızı xətti belə keçib və Azərbaycanı açıq şəkildə təhdid edir. Sərhədimiz yaxınlığında hərbi təlim keçir, bizə qarşı konkret hücum planı üzərində işləyir, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün ölkəmizə terrorçu ixrac edir.
Bir sözlə Azərbaycana zərbə vurmaq, onu sarsıltmaq üçün bütün vasitələrdən, hətta şeytanla belə ittifaqa girməkdən çəkinmir. Bəli, məhz şeytanla. O şeytanla ki, Azərbaycan ərazilərini işğal edərək oradakı dini abidələri, ibadət məkanlarını, məscidləri xarabalığa çevirib, onları murdarlayıb. O şeytanla ki, İslamda müqəddəs məkan sayılan məscidi donuz fermasına çevirib. Bu günlərdə özünü İslam dövləti sayan İranın elə həmin şeytana qucaq açdığını da bütün dünya gördü.
Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərindən gedir. Proseslər bir növ təkrar olunur. Necə ki, Paşinyan hakimiyyətə gəldikdən bir müddət sonra Azərbaycanın heysiyyatı ilə oynamağa başladı, Şuşada, Cıdır düzündə şərab içərək yallı getdi, müntəzəm olaraq Qarabağa qeyri-qanuni səfər edərək Azərbaycanı təxribata çəkdi, eyni ilə indi də İran oxşar addımlar atır. Araz çayı boyunca təlim keçib Azərbaycana hücum planını sınaqdan keçirir, bu ölkənin televiziya kanalları, mediasında Azərbaycan və onun rəhbərliyi, müvafiq strukturları təhqir belə edilir, ölkəmizə xüsusi təlim görmüş canlı bombalar ixrac etməklə Azərbaycanda terror həyata keçirməyi hədəfləyir. Cənub qonşumuzun heç bir əndazəyə sığmayan bu hərəkətləri istər-istəməz Azərbaycanda bir sual yaradır? İranın əsas məqsədi nədir və Azərbaycandan nə istəyir?
"Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlının sözlərinə görə, İranın başlıca istəyi hər zaman Azərbaycana zərbə vurmaq, onun güclənməsi, qüdrətli bir dövlətə çevrilməsinə əngəl yaratmaq olub. Təşkilat sədri deyib ki, Tehranın bu siyasəti bu günün, yaxud yaxın bir neçə ilin proseslərinə bağlı deyil: "Tarixən İran Azərbaycana qarşı düşmən mövqedə olub və bu düşmənçiliyin 100 illərlə tarixi var. Tarixi Türkmənçay müqaviləsi bunun əyani sübutudur. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman da İran bu prosesi çox qısqanclıqla qarşılayıb və bir müddət Cümhuriyyətin varlığını qəbul etmək istəməyib. 1918-ci ilin iyul ayında Azərbaycanın Türkiyədəki nümayəndəsi İstanbuldakı İran konsulluğuna müraciət edərək müstəqil Azərbaycan dövlətinin yarandığını bildirsə də, lakin İran konsulluğu bunun cavabında Azərbaycanın İranın tərkib hissəsi olduğunu iddia edib. Həmçinin, Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirib".
Arzuman Muradlı bildirib ki, müstəqillik illərindən sonra da İran Azərbaycana qarşı münasibətdə səmimi olmayıb, bizimlə normal qonşuluq əlaqələri etməyib: "İran hər zaman çalışıb ki, Azərbaycana zərbə vursun, onu hansısa üsuldan istifadə edərək zəiflətsin. Birinci Qarabağ müharibəsində, eləcə də ondan sonrakı dövrdə Ermənistana hər cür dəstək verməyin də arxasında məhz bu amil, Azərbaycanı zəiflətmək marağı dayanırdı". İctimai Birlik sədri hesab edir ki, İran Azərbaycanın İsraillə münasibətlərinin inkişaf etdirilməsini bəhanə kimi göstərib bizə qarşı düşmən mövqe sərgiləməsi əslində tamam başqa amillərlə bağlıdır: "İsraillə əməkdaşlıq məsələsi sadəcə İran üçün bəhanədir. Əgər doğurdan da əsas problem İsrail amili olsa, o zaman Tehran gərək İrəvana da Azərbaycana qarşı sərgilədiyi mövqeyi nümayiş etdirsin. Çünki Ermənistanda da İsrail səfirliyi fəaliyyət göstərir. Hətta Azərbaycanın İsraildə səfirliyi olmadığı halda, Ermənistanın bu ölkədə səfirliyi var. Digər tərəfdən İran özünə düşmən bildiyi Amerikanın postsovet məkanında ən böyük səfirliyi məhz Ermənistandadır. O zaman sual olunur ki, nə üçün Tehran İrəvana da Bakıya qarşı sərgilədiyi münasibəti nümayiş etdirmir? Cavab sadədir. İran güclü Azərbaycan dövlətinin varlığında ehtiyat edir. Ona görə bütün imkanlardan istifadə edərək Azərbaycanı zəiflətməyə, ona zərbə vurmağa çalışır".
Arzuman Muradlı deyib ki, İranın istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də ondan sonra Ermənistana hərbi-iqtisadi dəstək verməsi məhz güclü, qüdrətli Azərbaycan dövlətini zəiflətmək istəyindən irəli gəlir: "Sirr deyil ki, Vətən müharibəsindən sonra Azərbaycan daha da güclənib, onun dünyada çəkisi, nüfuzu artıb. Artıq dünyanın əksər ölkələri bu reallıqla barışır. İran isə qonşuluğunda güclü Azərbaycan dövlətinin olmasını istəmir. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi istər-istəməz Güneydə yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövləti ilə birləşmək istəyini artırar. Çünki uzun illərdir ki, İran hakimiyyəti Güneydə yaşayan soydaşlarımızı bütün hüquqlardan məhrum edib. İndi ayağa qalxan güneyli soydaşlarımız Azərbaycana birləşmək istəklərini ifadə edirlər. İranı da bu ciddi qorxudur və narahat edir. Təsadüfi deyil ki, Təbriz küçələrini artıq Azərbaycan Respublikasının Prezidenti llham Əliyevin portretlərinin bəzədiyi bildirilir. Təbii ki, bütün bunlar İranı daha da aqressivləşdirir, Azərbaycana qarşı düşmən mövqedən çıxış etməsinə yol açır. Təəssüflər olsun ki, adını İslam dövləti qoyan İran müsəlman qonşusu olan Azərbaycanı zəiflətmək, onu gücdən salmaq üçün İslamı təhqir edən xristian, terrorçu Ermənistandan maşa kimi istifadə edir".