İlusu sultanının paşa titulu - FOTO

13:57 - 29 Sentyabr 2022 - Cəmiyyət

“Ölüm – kasadır və bütün insanlar ondan içir. Qəbir - qapıdır və bütün insanlar ora köçür”

Bu yay İlisuda dincəldim. Qaldığım ev isə Tovla-tala məhəlləsində yerləşirdi. Məhəllənin toponimi marağıma səbəb oldu. Talanın mənası aydındır-meşədə ağacsız açıq sahə. Bəs tovla? Məlum oldu ki, keçmişdə bu ərazidə İlisu sultanlarının tövbələri olub. İlusu şivəsində ə saitinin a saiti ilə, ö saitinin o saiti ilə əvəzlənməsi adi haldı. Bu səbəbdən tövlə tovla kimi səslənir. Tovla-tala - İlisu sultanlarının tövlələrinin olduğu tala deməkdir. O vaxtdan çox illər keçib, indi həmin yerdə evlər və köhnə qəbristanlıq var.

Bu qəbristanlığı qaldığım evlə hasar ayırırdı. Evin həyətindən görünən qeyri-adi tikililər diqqətimi çəkdi. Mənim üçün qeyri-adi idi, çünki başqa bir yerdə bu cür abidələrə rast gəlməmişdim. Hasardakı taxta qapı mismarlandığından küçəyə çıxıb təqribən 50 metr getdikdən sonra qəbiristanlığın qapısından daxil olub tikiliyə doğru getməli oldum. Orada olan ağsaqqal bildirdi ki, tikililər İlisu sultanlarının, onların qohumları və bəylərin qəbirüstü abidələridir. Burada baş daşları xüsusi formada inşa edilmiş qəbirüstü tikilidə yerləşdirilmişdi. Yağış və qar sularından qorunmaq üçün yazılı baş daşları dərin taxçalarda idi. Onlar yüksək bədii dəyəri ilə seçilirdilər.

Qəbirlərdən biri II Əli Sultana aid idi. Yazılı məzar daşında həndəsi naxışlı, epiqrafik məzmunlu ərəbcə süls xətti ilə yazılmış mətn vardı. Mətndə deyilir:
Rəhimli və mərhəmətli Allahın adıyla. Həmd olsun Allaha. İki dünyanın hakiminə. Böyük imamın Şəki və Saxurda bayrağını qaldıran, vilayət valisi, ədalətli sultan, nəcib, kəramət sahibi. Kasıb və bədbəxtlərə sədəqə verən, kafirlərlə döyüşdə şəhid olan Əli paşa Ədi Qurqulu oğlu, Məhəmməd xan oğlu, Əli bəy oğlu bu dünyadan köçüb. Hicri: Min yüz qırx beşinci il.
Məhəmməd seçilmişdir. Allahın ona salam və salavatı olsun.

Sonra. Zaman-zaman qəbirlərdə əcdadların yüksək ruhu ilə ünsiyyət quran hakimlər haradadır?
Ölüm – kasadır və bütün insanlar ondan içir. Qəbir - qapıdır və bütün insanlar ora köçür (ona daxil olur).
1145 il-1732/33
Bu mətndən bəzi suallar çıxır. Niyə baş daşına Əli paşa yazılıb. Özü də Şəki və Saxur valisi(hakimi)?

Qeyd edim ki, İlisu sultanlarının hakimiyyətinin tanınması ilə bağlı fərmanlar var. Bu sənədlər Səfəvi şahlarına və Osmanlı sultanlarına aid fərmanlardır. Sayı 35-dək olan bu fərmanların demək olar hamısı mühafizə olunaraq Daniyal sultan tərəfindən ruslara təqdim edilmişdi. Bu fərmanlarla sultanların hakimiyyəti təsdiq olunurdu. Onları gürcü feodallarının təsiri altına düşməkdən qoruyurdu. Məsələn, 1562-ci ildə I şah Təhmasibin verdiyi fərmanla Saxur hakimi Qurqulu bəyin ərazi üzərində hakimiyyəti təsdiq olunurdu. Fərmana görə heç bir gürcü Carı onun hakimiyyəti altında olan əraziyə iddia ilə çıxış edə bilməzdi. Sonrakı dövrlərdə oxşar fərmanlar verilib. Burada söhbət gedən II Əli Sultana isə altı fərman verilib - 1695, 1701, 1710-cu illərdə İran şahı, 1722, 1729, 1731-ci illərdə isə Osmanlı sultanı tərəfindən. Fərmanların fərqli hökmdarlar tərəfindən müxtəlif vaxtlarda verilməsinin də səbəbi var. 1711- ci ilədək İlusu sultanlarının İranla münasibətləri normal olub. Sonradan vəziyyət dəyişib. XVIII əsrin əvvəllərində Azad Camaatlıqların və İlisu Sultanlığının azadlığı böyük təhlükədə olub. İran ərazini özündən asılı vəziyyətə salmaq istəyib. Digər tərəfdən bu ərazilərə gürcü basqınlarının ardı-arası kəsilməyib. Belə bir anda Car-Balakən, Muxax, Tala, Çardaxlar, Sarıbaş camaatlıqlarının və İlisu Sultanlığının, həmçinin bir sıra başqa camaatlıqların başçıları, üləmaları və ağsaqqalları Muxaxın yaxınlığında toplaşıblar. Onlar İran qəsbkarlarına və onları müdafiə edən xanlara və məliklərə qarşı üsyana qalxmaq haqda qərar qəbul ediblər və İlisu sultanı II Əli Sultanı üsyana başçı seçiblər. (Bax: ”Хроники войн Джара в XVIII столетии”. Bakı 1931).
İran şahı Hüseyn şah bundan əvvəl (1710) II Əli Sultana hakimiyyətini təsdiq edən fərman versə də o, üsyana rəhbərlik edib. 1711-ci ilin aprel ayında üsyançılar əvvəlcə Qax və Car-Balakəndə və onların ətraf yerlərində olan İran qüvvələrini qovdular. Bölgəni iranlılardan təmizlədikdən sonra qüvvələri yenidən toplayaraq Şəki üzərinə hərəkət ediblər və qalib gəldilər.
A.Bakıxanov yazır ki, ”Bu qələbədən sonra Əli Sultan Türkiyə təbəəliyini qəbul etdi. Türkiyə sultanı III Sultan Əhməd onu Şəki və ona əlavə edilmiş Saxur bəyərbəyisi təyin etdi. Ona iki boncuqlu paşa rütbəsi (general-leytenanta bərabər rütbə) verdi. (Bax: A. Bakıxanov. “Gülüstani-İ-Rəm”. Bakı, 1962. səh.126).

II Əli Sultanın baş daşında Əli paşa kimi yazılması da buradan qaynaqlanır.
II Əli Sultanın ən güclü yürüşləri isə 1721-22-ci illərdə olub. Bu dövrdə Şamaxı və Qarabağda döyüşlərdə qalib gəlib. Gəncəni mühasirədə saxlayıb. Lakin Gəncəni tuta bilməyib.
Sonra II Əli Sultan Dağıstan azad camaatlıqları ilə də ittifaqa girərək 1722-ci ildə Tiflis yaxınlığında İberiya çarı VI Vaxtanq və ona köməyə gələn İran qüvvələrini darmadağın edib. Bu döyüşdən sonra sultan ikinci fərmanı verib. 1722-ci ildə Türkiyə sultanı III Əhməd tərəfindən verilmiş fərmanda deyilir: “1135 -ci ilin zilhüccə ayının birindən Saxur sancağı da daxil olmaqla sizi Şəki ölkəsinin bəylərbəyi təyin edirik. Saxur sancağı ilə birlikdə göstərilən ölkəni idarə etməyə başlayın”. O, sonrakı 1725 və 1727-ci illərdəki döyüşlərdə də qalib gəlib.
II Əli Sultan Paşa 37 il hakimiyyətdə olub. (1695–1732), 1832-ci ildə gürcülərlə döyüşdə şəhid olub.

Ikinci abidə II Əli Sultanın oğlu Xəlil paşaya aiddir. Məzar daşında süls elementləri olan nəsx xətti ilə yazılmış mətn var:

Bağışlanan Xəlil paşa Əli paşa oğlu, Qurqulu oğlu, Məhəmməd xan oğlu, Əli bəy oğlu kafirlərə qarşı döyüşdə şəhid olub, bu dünyadan köçüb. Ondan sonra dünyada nə qalacaq? O, səmimi idi. Allah rizası üçün kasıb və bədbəxtlərə pul paylamaqda səxavətli idi.
Tarix. Məhəmməd peyğəmbərin hicrətindən min yüz əllinci il
Allahın ona salam və salavatı olsun. Ondan sonra peyğəmbər yoxdur.
1150 il = 1737/38
 


Xəbər xətti