Məişət zorakılığının azaldılması ilə bağlı Ağdamda maarifləndirmə tədbiri keçirilib

10:09 - 29 Sentyabr 2022 - Cəmiyyət

“Humanitar Tədqiqatlar” İctimai Birliyi “Cəbhəyanı regionda məişət zorakılığının azaldılmasına dəstək tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir.

Ucnoqta.az xəbər verir ki, layihə çərçivəsində Ağdam rayonunda keçirilən ilk məlumatlandırma sessiyasında 29 nəfər rayon sakini iştirak edib. Tədbirə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sədri Yaqut Qəhrəmanova, Ağdam Rayon İcra Hakimiyyətinin Birinci Dördyol qəsəbəsi üzrə nümayəndəsinin müavini Elsevər Əliyev qatılıb.

Tədbiri giriş sözü ilə açan “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib.

M.Məmmədova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi cəbhəyanı regionda  məişət zorakılığından müdafiə  mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara özünüməşğulluq imkanlarından yararlanmalarına dəstək verilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sədri Yaqut Qəhrəmanova tədbirin əhalinin maaifləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Məişət zorakılığının qarşısının alınması istiqamətində respublikamızda həyata keçirilən tədbirlərə toxunan Y.Qəhrəmanova məişət zorakılığına rəvac verən halların yaranma səbəbləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Daha sonra layihənin eksperti Rafiq Muradov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib.

İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında  Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları  və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında  qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi  qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb.

Həmçinin, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı iştirakçılar bilgiləndirilib.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.


Xəbər xətti