“Bu matçda böyük güc sərf etməliyik”.
“Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Rapid"in baş məşqçisi Ferdinand Feldhofer “Neftçi”yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis doğma azarkeşlər önündə qalib gəlmək istədiklərini bildirib:
“Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol epizodlarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq”.
Feldhofer görüş ərzində hücuma üstünlük verəcəklərini diqqətə çatdırıb:
“Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq”.
Avstriyalı baş məşqçi evdə oynadıqları üçün rahat olduqlarını vurğulayıb:
“Bundan istifadə etməli və yaxşı hücumlar qurmalıyıq. Ən azı bir qol vurmalıyıq ki, növbəti mərhələ üçün şansımız olsun. Bütün gücümüzü toplayıb daha yaxşı nəticə əldə etməliyik. Rəqibin gücü bəllidir. “Neftçi”nin özünəməxsus oyun tərzi var”.
Mütəxəssis Bakıdakı görüşdəki səhvləri nəzərə aldıqlarını diqqətə çatdırıb:
“Topu özümüzdə saxlayıb rəqibin uzun reydlərinin qarşısını almalıyıq. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək”.
Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.