Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, yetkinlik yaşına çatmayan dörd nəfər rayon sakini saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət əşyaları və nağd pul oğurladıqları məlum olub.
Vətəndaşlara 20 000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb.
Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.