Atasından maşın ala bilməyən oğul onu yandırıb

10:00 - 13 İyul 2022 - HADİSƏ

Qəbələdə atasına məxsus maşını yandıran şəxslə bağlı məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Z.Rzayev (şərti) bir evdə yaşadığı atasından xahiş edib ki, “Ford Transit” markalı maşını istifadə etmək üçün ona versin. Lakin atası razılıq verməyib. Bundan əsəbiləşən oğul ötən ilin noyabrında yaşadıqları evin həyətində “Ford”un üzərinə benzin tökərək yandırıb.

12 min manat dəyərindəki maşın tamamilə yanaraq yararsız hala düşüb. Z.Rzayev barəsində başlanılan cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb.

O, ifadəsində bildirib ki, atası maşını kənar şəxslərə verdiyi halda ona vermirmiş: “Atam o maşınla sərnişin daşıyaraq qazanc əldə edirdi. Mən də maşını eyni məqsəd üçün istəyirdim. Atamla mübahisə etdikdən sonra kafeyə gedib pivə içdim. Evə qayıtdıqdan sonra avtomobili yandırmaq qərarına gəldim. 2 litr benzini avtobusun içərisinə, əsasən də qabaq sol tərəfdən salon hissəyə tökdüm. Daha sonra yandırdım. Hadisə yerinə polis gələndə törətdiyim əməli etiraf etdim”.

Ata S.Rzayev məhkəmədə bildirib ki, oğlu ilə barışıb, ona dəymiş ziyanla bağlı şikayət və tələbi yoxdur.

Məhkəmə Z.Rzayevə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin onun II qrup əlil və talassemiya xəstəsi olduğu, atası ilə barışdığı nəzərə alınaraq cəzası şərti hesab edilib.

 

Xəbər xətti