Cəlilabad rayonunun Musalı kəndində uçqun olan, eləcə də bir hissəsi yararsız vəziyyətə düşən tam orta məktəbin yerində yeni məktəbin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, artıq ümumtəhsil müəssisəsinin binasının inşası istiqamətində işlər görülür.
Bildirilib ki, məktəb binasının tikintisi ilə bağlı ilkin informasiyanın əldə olunması və ərazidə topoqrafik planlaşdırma işlərinin görülməsinə başlanılıb.
Məlumatda həmçinin tikinti işlərinin cari il ərzində yekunlaşmasının planlaşdırıldığı vurğulanıb.
Qeyd edək ki, bu ilin mart ayında tətil günlərində yağan güclü qar nəticəsində sözügedən tam orta məktəbdə uçqun olub və məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.
Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər təhsillərini davam etdirməsi üçün Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Bundan əlavə, Zəhmətabad kənd orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.