Hərbi xidmət dövründə xəstələnən şəxslər də təqaüdlə təmin olunur
Respublikamızda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən şəxslərə verilən təqaüdün aylıq məbləği 2021-ci il yanvarın 1-dən artırılaraq 2000 (iki min) manat müəyyən edilib.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilən şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü də artırılıb. Azərbaycanın Milli Qəhrəmanı adı verilən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 1800 manat məbləğində müəyyən edilib. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd tələb olunur. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti aidiyyatı orqana təqdim olunmalıdır. Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti, Azərbaycan Respublikasının Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti, təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin Azərbaycan Respublikasının Milli Qəhrəmanı ilə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti) da tələb olunan sənədlər siyahısındadır. Təqdim olunan sənədlərə Azərbaycanın Milli Qəhrəmanının dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı da əlavə etmək lazımdır.
Hərbi xidmət dövründə xəstələnən şəxslərin sosial təminatı
Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında edilən dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 130 manat məbləğində müəyyən edilib. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd tələb olunur. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti tələb olunur. Tələb olunan sənədlərə əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış da daxildir.
Müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilən, yaxud vəfat edən valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir.
2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən 10 faiz artırılaraq müavinət 15 manat məbləğində müəyyənləşdirilib. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) aidiyyatı orqana təqdim edilməlidir. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti sənədlərə əlavə edilir.
Müharibə veteranlarına verilən təqaüd 80 manatdır
Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət edən müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli 992 nömrəli Sərəncamına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət edən müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Ailə başçısını itirməyə görə müavinət də vəfat edən şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ödənilir. Vəfat edən şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunan 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə verilir. Vəfat edən şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək müavinət verilir.
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən 2022-ci il yanvarın 1-dən müavinət (hər ailə üzvü üçün) 100 manat məbləğində müəyyənləşdirilib.
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd təələb olunur. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti təqdim olunmalıdır. Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti) təqdim edilməlidir.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət verilir. 2022-ci il yanvarın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən müavinət 120 manat məbləğində müəyyənləşdirilib. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd təqdim olunmalıdır. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti də tələb olunur.
Birdəfəlik ödəniş hansı şəhid ailələrinə şamil edilir?
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir.
Birdəfəlik ödəmə 11 000 (on bir min) manat məbləğində müəyyənləşdirilib.
Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri nazirliyin saytında “Birdəfəlik ödəmə” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.
Axtarışın nəticəsi olaraq “Şəhid hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat edən hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir.
Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur:
-hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;
- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;
- bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır.
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər.
(Ardı var)
Pünhan Əfəndiyev
Yazı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək” layihəsi çərçivəsində hazırlanıb.