“Ermənistan artıq Azərbaycanın sülh gündəliyini qəbul etməlidir”

16:19 - 6 Aprel 2022 - SİYASƏT

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşə dünyada da çox böyük maraq və diqqət var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

E. Nəsirov bildirib ki, bu, Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən sayca 2-ci görüşdür: “Bu görüş həm də Avropanın mərkəzində Rusiya-Ukrayna müharibəsinin kəskin dövrünə təsadüf edir. Bütün bunlar görüşə olan diqqətin daha da artmasını şərtləndirir. Görüş öncəsi baş verən bir sıra problemlər də diqqətdən yayınmır. Ermənistanda müxalifət mitinqlərə çıxıb. İlkin təəssürat odur ki, Paşinyan hökumətinə təzyiqlər başlayıb, güzəştə gedərsə, ciddi problemlərlə üzləşəcək. Ancaq dərindən analiz edəndə aydın görünür ki, bu, əslində Paşinyanın təşkil etdiyi bir tamaşadır. O, Brüssel danışıqlarında heç bir güzəştə getməmək, Brüssel danışıqlarını dondurmaq üçün belə yola əl atır. Yəni Paşinyan bununla Brüssel görüşündə erməni cəmiyyətinin çox narazı olduğunu və razılığa getməyin mümkün olmadığını söyləməsi üçün şərait yaradır”.

Deputata dünən ABŞ-ın Dövlət katibi Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri arasında telefon danışığını da xatırladıb: “Bu danışıqlar məhz Brüssel görüşü ərəfəsinə təsadüf edib. Telefon danışığı zamanı post-müharibə və post-münaqişə dövrü ilə bağlı fikir mübadiləsi olub. Diqqətdən yayınmayan digər bir məsələ də ondan ibarətdir ki, Rusiya Prezidenti Vladimir Putin də görüş öncəsi Prezident İlham Əliyev və Nikol Paşinyanla telefonla danışıb. Qlobal miqyasda Qərb və Rusiya arasında mübarizə fonunda bütün bunlar heç şübhəsiz ki, müəyyən suallar doğurur. Amma istənilən halda Azərbaycan dövlətinin öz prinsipial mövqeyi var. Bu da ondan ibarətdir ki, artıq iki dövlətin arasında sərhədlər müəyyən edilməli, kommunikasiyalar, Zəngəzur dəhlizi açılmalı, iki dövlət və xalq arasında etimad mühiti yaradılmalı, iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını qəbul etməlidir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmamalıdır”.

E. Nəsirov qeyd edib ki, Brüsseldə Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə məlum 5 prinsip ətrafında danışıqlar aparacağını proqnozlaşdırmaq çətin deyil: “Bütün bunlar isə sülh sazişinin imzalanması üçün münbit şəraiti təmin etməlidir. Paşinyan hökuməti də artıq Azərbaycanın sülh və inkişaf gündəliyini qəbul etməlidir”.

Xəbər xətti