Könüllü qan verənklərin sayı günü-gündən artır

12:40 - 10 Mart 2022 - Leykoz

Koronavirus infeksiyasının qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur

Azərbaycanda hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara olduqca həssas yanaşılır. Hətta bu xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası yüksək səviyyədə davam etdirilir. Ölkə vətəndaşları reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyalarında iştirak edirlər. İnsanlar könüllü qanvermə aksiyalarında iştirak edirlər. Məsələn, bu yaxınlarda reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları fərqləniblər. Birliyin inzibati binasında rəhbər şəxslərin də iştirakı ilə keçirilən xeyriyyə aksiyasında 127 nəfər könüllü qan verib.

Martın 8-də “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan veriblər. Qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyası həyata keçitilib. Birliyin inzibati binasında rəhbər şəxslərin də iştirakı ilə keçirilən xeyriyyə aksiyasında 127 nəfər könüllü qan verib.

Daha bir tədbir  Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Ənənəyə sadiq qalaraq bu il yanvarın 13-də “Bakı Metropoliteni” QSC-nin idarə aparatında, həmçinin yanvarın 14-də “Nərimanov” elektrik deposunda qanvermə aksiyası keçirilb. Aksiyanın keçirilməsində məqsəd qan donorluğuna ehtiyacı olan insanlara yardım etməkdir. Aksiya Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilib. Peşəkar tibb briqadasının mütəxəssisləri hər bir donoru müayinə edib, könüllülərdən qan nümunələri götürülüb və yekun rəy verilib. Aksiyaya qoşulanlardan 266 nəfər qan donoru olub.

Tədbirin gedişində Mərkəzi Qan Bankının nümayəndələri qan donorluğunun əhəmiyyəti ilə bağlı metropolitençilərə məlumat verib, qanvermənin insanın öz sağlamlığı baxımından əhəmiyyətindən bəhs ediblər. Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Bu siyahını uzatmaq da olardı, əsas olan odur ki, pandemiya dövründə də qanvermə aksiyası davam edir. Bir sual da ortaya çıxır. Pandemiya dövründə qan verən donor təhlükə ilə qarşılaşırmı? Birmənalı deyə bilərik ki, pandemiya dövründə donorlar riskə məruz qalmırlar. Əksinə, hər bir qanvermə donorun immun sistemini stimullaşdırır, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Ardıcıl donorluq miokard infarktı riskini azaldır, insanın ömrünü uzadır. Bundan başqa, donor öz səhhətinin vəziyyətinə daimi nəzarət əldə edir. Çünki qan vermək üçün müraciət edən donorların temperaturu ölçülür. Əgər donorun temperaturu 37-dən yüksək olarsa, ondan qan götürmürük. Həmçinin donorlara ünvanladığımız sorğularımızı artırmışıq. Donorlar yuxarı tənəffüs yolları xəstəliklərinə, qrip viruslarına yoluxubsa, son 28 gündə soyuqlama əlamətləri olubsa, onlardan qan götürülmür. Hətta Mərkəzi Qan Bankında sosial məsafəyə də diqqət yetirilir. Qan vermək üçün növbə varsa, gələn insanları açıq havada gözlədilir. Bununla belə bir donor hər ay qan verə bilməz: Bir insan ildə 4 dəfə gəlib qan verə bilər. Sağlamlığını düşünən insan ildə iki dəfə qan verə bilər. Bütün bunlar nəzərə alınır.

O ki qaldı koronavirus infeksiyasının qanla ötürülməsinə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi  Nailə Babayeva bildirib ki,  koronavirus infeksiyasının qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusunun qanla yoluxma hallarına rast gəlinməyib.

Bir sözlə qan vermək donorun gücünü əlindən almır. Qanvermə – könüllü və təmənnasızdır. Bu zaman QİÇS və ya digər infeksion xəstəliklərə yoluxma təhlükəsi olmur.

Qan donorluğu nə üçün vacibdir?

Qan donorluğu sosial məsuliyyətdir və bir gün hər kəsin qana ehtiyacı olacağı bir həqiqətdir.

Qan vermək üçün ehtiyac anının gözləməyə ehtiyac yoxdur. İldə bir və ya bir neçə dəfə qan vermək bir çox insan üçün həyat ümidi ola bilər. Hər gün müxtəlif qəzalar, xəsarətlər və əməliyyatlar baş verir. Bu nöqtədə qan ehtiyacı həyati əhəmiyyət kəsb edir. Qanaxmalı xəstəyə əməliyyat zamanı 6-8 vahid qan lazım ola bilər. Qeyd edək ki, bu xəstənin xilas olub yaşaması üçün qan lazım olduğu unudulmamalıdır.

Qan donorluğunun olmadığı bir cəmiyyətdə hər gün minlərlə insan həyatını itirə bilər. Bu səbəbdən mütəmadi olaraq qan vermək insanların həyatını xilas edir. Unudulmamalıdır ki, qanvermə könüllülük əsasında həyata keçirildikdə daha faydalı olur.

Kimlər qan verə bilər?

Könüllü şəkildə qan verən şəxs qarşılıq gözləmədən tanımadığı bir şəxsə yardım etmiş olur və bu hiss onda xoş əhval-ruhiyyə yaradır. Bəs kimlər qan verə və yaxud da verə bilməz?
18 yaşı tamam olan, çəkisi 50 kiloqramdan yuxarı praktik sağlam hər bir vətəndaş qan verə bilər. Qan donoru olarkən ilk öncə Hepatit, HİV virusu, Siflis mikrobu kimi xəstəliklərə görə tibbi müayinələr aparılır, qan qrupu, hemoqlobinin faizi dəqiqləşdirilir. Ümumi qan donoru 12 həftədən bir təkrar qan verə bilər. Plazma və trombosit donorları isə hər 2-3 həftədən bir donor ola bilər. Kişi donorların arada 12 həftə fasilə olmaqla ildə 4 dəfə qan verməsinə yol verilir. Qadın donorlar isə orta hesabla 16 həftədən bir və ya dəmir çatışmazlığı riskini azaltmaq üçün daha gec qan verə bilər. Amma qadınların yaşı 20-dən az, çəkisi 65-dən az, boyu isə  168 santimetrdirsə, donor olmazdan öncə qanı yoxlanılmalıdır.
Covid-19 əleyhinə peyvənd olunduqdan sonra səhhətinizlə bağlı hər hansısa bir şikayətiniz yoxdursa 7 gün sonra qan donoru ola bilərsiniz.
Əgər donorluq qan verəcək şəxsin səhhətinə zərər yetirə biləcəksə, yaxud donorun qanının xəstəyə zərəri olacaqsa donorluğa icazə verilmir. QİÇS, siflis, virus hepatitləri, vərəm, qan xəstəlikləri, onkoloji xəstəliklər olduğu halda da donor olmağa icazə verilmir.

Aşağıdakı hallarda müəyyən zaman fasiləsindən sonra qan vermək olar:

-  Diş çəkilməsindən 10 gün sonra;
-  Qrip ORVİ;
-  Mensturasiyadan 5 gün sonra;
-  Abortdan 6 ay sonra;
-  Doğuşdan 1 il sonra;
-  Cərrahi əməliyyatdan 6 ay sonra;
-  Antibiotik qəbulundan 72 sutka sonra;
-  Alkoqol qəbulundan 48 saat sonra.
- Özünü yaxşı hiss etmədikdə, infeksiya keçirdikdə, səyahətə hazırlaşarkən, hər hansı bir xəstəliklə bağlı dərman qəbul etdikdə, ürək xəstəlikləri olduqda, pirsinq, tatu etdikdə də qan vermək olmaz.

Qan donorları bilməlidir!

Qan vermədən öncə:

- Ac qarına qan vermək olmaz!
- Mümkün qədər günün birinci yarısı qan vermək yaxşıdır, daimi donorlar günün ikinci yarısı da qan verə bilərlər!
- Yuxusuz gecədən sonra qanvermə məsləhət deyil!
- Qan verməyə gədərkən zərərli vərdişlərdən (alkoqol, nikotin,siqaret) çəkinin!
- Qan verərkən özünüzü rahat hiss etməli, əsəbləşməməli, qan artıran qidalar və kifayət qədər maye qəbul etməlisiniz!
- Qan dövranına mane olduğu üçün dar geyimlərin geyilməsi məsləhət deyil!
- Qan verdikdən ən azı yarım saat sonraya qədər siqaret çəkməməli, gərgin fiziki işlərdən uzaq olmalısınız!

Qan vermədən sonra:

- Qanvermə bitdikdən sonra dərhal ayağa qalxmaq olmaz!
- Sarğı qan verdikdən 1-2 saat sonra açıla bilər!
- Bir sutka ərzində ağır yük qaldırmaq olmaz!
- Gün ərzində yaxşı qidalanma, su, çay qəbulu məsləhətdir!
- Qan verən şəxsin səhhətində dəyişiklik duyduğunda dərhal tibbi personala müraciət etməlidir!

Pünhan
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Xəbər xətti