Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə tanınmış müğənni, Əməkdar artist Vasif Məhərrəmli zərərçəkmiş qismində ifadə verib.
Müğənni bildirib ki, M. Mahmudov ona xəbər göndərib: “Deyirdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən? Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və orda yaşlı qadın saxlayıram. Mən ona dedim ki, almışam, öz işimdir. Soruşdum ki, bu informasiya səndə hardandır? Dedi ki, bir xanım məlumat verib. Xanımın adını mənə deyəcəyini söylədi. Səhəri gün Maqsud Mahmudov canlı efirdə heç nə demədi. Bizim münasibətimiz yarandı. Mən ona dəfələrlə dedim ki, kimlərinsə küyü ilə efirdə yalan məlumatlar danışmasın. Mən bunu ona tövsiyə etdim".
Əməkdar artist deyib ki, bir müddət sonra M. Mahmudov müğənni Cavanşir Məmmədovla bağlı danışmağa başlayıb: "Mən Maqsuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət Maqsud sakit oturdu. Sonra müğənni Manaf Ağayev barədə danışmağa başladı. Maqsud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızından pul istəyi, onlar da verməyib. Amma mən 1000 manat verdim. Maqsudu şəxsən görməmişəm. Pulu başqa bir şəxsə verdim. Pulumu qaytarmayıb. Tələbim odur ki, mənim min manatımı versin".
Təqsirləndirilən Maqsud Mahmudov zərərçəkənin ifadəsi ilə bağlı bildirib ki, Vasif Məhərrəmliyə zəng edib və danışıb: "Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdı. Bir gün Afət mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdi ki, vətən xaininin uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Afətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Manaf Ağayevlə Vasif Məhərrəmlinin İlham adlı dostunun ona 30 min manat borcu olub: "Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif dedi ki, ona deyər. Dedim ki, pulumu 3 min, 3 min qaytarsın. Vasif dedi ki, Manafla adama 500 manat verərlər mənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm".
Vasif Məhərrəmli bildirib ki, Maqsud yalan danışır: "Maqsud mənə dedi ki, Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki, Maqsud belə deyir. Manaf bildirdi ki, niyə ona pul verməlidir? Mənsə heç nə demədən pulu göndərdim".
Proses davam edir.///Apa
15:49
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş qismində müğənni Vasif Məhərrəmli dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib.
Hazırda məhkəmə davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.///report