Mərmi, güllə boy-buxun tanımır

15:08 - 9 Mart 2022 - Cəmiyyət

“Mərmi, güllə boy-buxun, varlı-kasıb tanımır
Yetər ki, birinci atəş açan sən ol!”


Ucnoqta.az mayor İlkin Zyadovun Əfqan Abdurəhmanovla bağlı xatirələrindən:

Bir gün tabora kəşfiyyat məlumatı daxil oldu ki, ermənilər bizim əraziyə basqın həyata keçirmək istəyirlər. Bizimlə düşmən arasında məsafə çox deyildi. Döyüş hazırlığı komandası verdik ki, hər kəs ayıq- sayıq olsun. Düşmənin ərazimizə keçmək ehtimalları vardı. Əfqanla birlikdə səngərləri gəzir, əsgərlərin döyüşə hazırlığını, əhvali-ruhiyyəsini yoxlayırdıq. O vaxt ermənilər öz orduları ilə bağlı mif yaratmışdırlar; guya çox güclü orduya sahibdirlər və bu ordu məğlubedilməzdir, qüdrətlidir və qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdi. Həmin vaxt belə şeylər vardı.

Gecə Əfqanla səngəri gəzən zamanı bir əsgərin qoruxduğunu gördük. Əfqan əvvəlcə ona deyil, başqa bir əsgərə müraciət etdi:
– Əsgər vəziyyət necədi?
– Hər şey yaxşıdır, hamı ayıq-sayıqdır komandir,- əsgər cavab verdi.
Başqa bir əsgər bizə yaxınlaşıb bəzi suallar verdi. Sonra bizə qoruxduğunu hiss etdiyimiz əsgər yaxınlaşdı və soruşdu:
– Komandir olarmı sizdən bir şey soruşum.
Buyur, soruş.
– Komandir, bəs, deyirlər erməni kəşfiyyatçıları boylu -buxunlu olur, igid olur.
Əfqan güldü və əsgərə dönüb belə bir söz dedi:
– Mənə diqqətlə bax, boyum-buxunum necədir? Səncə balacayammı?
Əfqan boylu- buxunlu idi.
Əsgər:
– Yox, komandir,-dedi.
Əfqan əsgərin bu cavabından sonra gülərək ondan soruşdu:
– Məndən qorxursan?
– Komandir, sizdən niyə qorxum ki,
– Məndən qorxmursan, bəs, düşməndən niyə qorxursan?

Əfqanla əsgər arasında bu dialoqa postda olan digər əsgərlər diqqətlə qulaq asırdılar. Əfqan onlarda döyüş əhvali-ruhiyyəsini ardırmaq üçün əsgərlərdən birinin silahını aldı və daraqdan bir patron çıxarıb müraciət etdi:
–Bu patronu görürsünüzmü?
Dedilər:
–Bəli görürük.
– Diqqətlə baxın bu patrona. Bu patron nə boya baxır, nə buxuna. Nə varlıya, nə də kasıba. Əgər bu patron insanın üzərinə gəlirsə, onun sağ qalma ehtimalı azdır. Əgər siz qorxmaz, iradəli olarsınzsa, düşməni vura bilərsinizsə, belə olan halda o sizdən daha əvvəl ölmüş olur. Döyüşdə qorxmaq, panikaya düşmək olmaz.

Postda əsgərlərlə söhbət təsirsiz ötüşmədi, onlarda özünəinamı artırdı.
Əfqan belə komandir idi, Ən çətin anda çıxış yolu tapa, tabeliyində olanları ruhlandıra bilirdi. Böyük istedad sahibi idi.
Bu ifadə hərbiçilərin arasında şüara çevrildi: “Mərmi, güllə boy-buxun, varlı-kasıb tanımır. Yetər ki, birinci atəş açan sən ol.!”

Xəbər xətti