Ucarda ağır qəza, 5 nəfər xəsarət alıb - FOTO

07:26 - 26 Yanvar 2022 - HADİSƏ

Gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın xəbərinə görə, Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər 2 avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüb. İkisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, övladları - 2001-ci il təvəllüdlü Məryəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli, azyaşlıların nənəsi, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar. Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-ın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti