Zəfər və İşğal muzeyləri yaradılacaq - VİDEO

00:45 - 8 Yanvar 2022 - ÖLKƏ İÇİ

''İşğaldan azad olunmuş ərazilərdə olan abidlərin bərpası üçün artıq müəyyən sənədlər hazırlanıb''. Bunu Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin rəisi Azad Cəfərli bildirib. Ağdam, Cəbrayıl və Füzuli rayonlarında təşkil ediləcək Zəfər və İşğal muzeyləri ilə bağlı sənədlər işlənir. Xidmət rəisi Şuşadakı abidələrin qorunması ilə bağlı təlimatın hazırlandığını da diqqətə çatdırıb. 

''İşğaldan azad edilmiş ərazilərdə ''İşğal'' muzeyinin yaradılması ilə bağlı artıq bir sıra təkliflər verilib''. Bunu jurnalistlərə açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər və açıq hava altında təşkil ediləcək İşğal muzeyləri ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçiriblər. Bundan əlavə azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı yol xəritəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. 

Azad Cəfərlinin sözlərinə görə Şuşa şəhərindəki abidələrin bərpası ilə bağlı təlimat hazırlanıb. Sənəddə bir sıra əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb.

Xidmət rəisi ötən il ərzində abidələrə zərər vurulması ilə bağlı 19 faktın aşkarlandığını bildirib. Bildirib ki, abidələrin qəsdən korlanması və məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq-mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub.

Xəbər xətti