20 dekabr 2021-ci il tarixində Biləsuvar Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Karyeranı qur" layihəsi çərçivəsində gənclərlə ilk maarifləndirmə tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Rayon Gənclər və İdman İdarəsinin Azad Quliyev, GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva, "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin layihə rəhbəri Elnur Hüseynli, layihənin təlimçisi Bəhruz Nəbili və 30 nəfər rayon gənci iştirak edib.
Əvvəlcə Layihə rəhbəri Elnur Hüseynli çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib. E.Hüseynli qeyd edib ki, hazırda ölkəmizdə geniş miqyas alan gənclər siyasəti hər bir gəncin maraq və inkişafını təmin edir, bu istiqamətdə müxtəlif proqram və layihələr uğurla icra olunur.
Keçirilən layihənin də əsas məqsədi iş qabiliyyəti olan, lakin iş tapmaqda çətinlik çəkən gənclərin məşğulluğuna dəstək olmaqdır. Bu məqsədlə layihə 3 ay ərzində Salyan, Biləsuvar və Cəlilabad rayonlarında icra olunacaqdır.
Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva layihənin əhəmiyyəti barədə ətraflı çıxışlar edərək, layihənin işinə uğurlar arzuladılar.
Daha sonra təlimçi Bəhruz Nəbilinin iştirakı ilə gənclər bu mövzular ətrafında müzakirələrdə iştirak edib.
Sonda fərqlənən tədbir iştirakçıları sertifikat və hədiyyərlə mükafatlandırılıb.