Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, əslən Ağdam rayonundan olan kiçik çavuş Nicat Həsənquliyevin cənnətdəki ad günü qeyd olunub.
Ucnoqta.az xəbər verir ki, mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidin Şəhidlər xiyabanındakı məzarı ziyarət olunaraq önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətin daima şəhid ailələrinin yanında olacağını bildiriblər.
Mərasimdə İsmayıllıda fəaliyyət göstərən Ağdam rayon 30 saylı məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə iştirak ediblər.
Daha sonra şəhidin adı verilmiş küçədə xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.