"Köhnə "Barselona"nın azarkeşiyəm" - Qurban Qurbanov

22:51 - 4 Noyabr 2021 - Müsahibə

"Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda sonadək mübarizə getdi. Bu, bizim üçün həddindən artıq vacib idi. Dünən də demişdim ki, bu dəfə daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna, bütün çətinliklərə baxmayaraq, futbolçularım dözdü və qalib gəlmək üçün ən yaxşısını etdilər".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis müdafiədə oturmadıqlarını bildirib: "Daim rəqibin üzərinə getməyə çalışdıq. Çünki onlara oynamaq imkanı verdikdə topla çox yaxşı davranırlar. Maraqlı oyun üslubları var. Bəzi epizodları çıxmaq şərtilə, futbolçularım intizamlı oynadılar və böyük zəfər qazandılar. Rəqibə və çox hörmətli Kurban Berdıyevə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi Emil Balayevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: "Biz hər iki qapıçıya güvənirik. Sadəcə, Şahruddin Məhəmmədəliyev meydana çıxdığı matçlarda özünü yaxşı tərəfdən göstərməyə başladı. Bu səbəbdən avrokuboklarda ona şans veririk. Balayev isə çempionat matçlarında oynayır. Qazaxıstan və Azərbaycan çempionatlarında böyük fərq olduğunu deməzdim. Qapıçı mövqeyi elədir ki, orada yalnız bir nəfər dayanmalıdır. Hər ikisinə şans veririk ki, oyun praktikasını qorusunlar".

Qurbanov matçdan öncə Abdullah Zubirin zədəli olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Biz heç vaxt yalan danışmamışıq. Belə hiyləgərliklər də etməmişik. "Neftçi" ilə oyuna baxsaq, sona 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Sadəcə, bizdən açıqlama oyundan sonrakı gün olmuşdu. Ona görə də hansı müddətə oynaya bilməyəcəyi barədə fikir bildirə bilmədik. Meydana buraxmağa ehtiyatlanırdıq. Kiçik problemi olsa da, 2 gündən sonra özünə gəldi. Bu, yoğrunluqdan da irəli gələ bilərdi. Yəni, biz heç bir hiyləgərlik etməmişdik".

Baş məşqçi komandasından razı qaldığını söyləyib: "Bu gün hətta uduzsaydıq belə, bu cür xarakter göstərdikləri üçün onlardan razı qalacaqdım. İlk hissədə bizim də yaxşı qol epizodlarımız oldu. Bu da futbolun gözəlliklərindən biridir. Vaqner Lavın ustalığını futbolçulara göstərmişdik. Daha diqqətli olmalıydıq. Matçın hər iki hissəsindən razı qaldım".

Qurbanov "Qarabağ"ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasında finaladək irəliləyə biləcəyinə dair fikirlərinə də münasibət bildirib: "Klub prezidenti demişdi ki, "Qarabağ"ın finaladək getməsini çox istəyir. Bu gün də komandasına inanır. Qrupun ilk oyununda bildirmişdim ki, hər bir komanda növbəti mərhələyə çıxa bilər. Bizim uğurlarımız davam edir. Daha yaxşı nəticələr qazanmaq üçün gücümüz və istəyimiz var. İstənilən rəqibə qarşı oynamağa hazırıq".

O, bütün görüşlərə eyni istək və düşüncə ilə çıxdıqlarını əlavə edib: "Bu gün rəqibi daha çox təzyiq altında saxlamağa çalışdıq. Futbolçularım ancaq bu cür böyüyə bilər. Bunu onlardan tələb edirəm. Müasir futbolda bu amil çox önəmlidir".

Qurbanov görüşün keçirdildiyi "Ortalık" stadionunun ot örtüyü barədə də danışıb: "Bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Amma get-gedə futbolçular şəraitə uyğunlaşdılar. Örtük çox yaxşı idi".

Baş məşqçi soyuq havaya baxmayaraq, stadiona toplaşan azarkeşlərə təşəkkür edib: "Matçın sonlarında da bizi alqışladılar. Burada olmaq çox xoş oldu. Biz qardaş xalqıq. Bunu oyun zamanı da hiss etdik. Bizə qarşı isti münasibət göstərdilər. Mən komandamın topa daha çox olmasını xoşlayıram. Köhnə "Barselona"nın azarkeşiyəm".///report

Xəbər xətti