Yardımlıda meşə yanğınlarının söndürülməsinə helikopter cəlb edilib - FOTO/VİDEO

17:50 - 3 Avqust 2021 - HADİSƏ

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında davam edən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin bir ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd edək ki, yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb və bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.


Xəbər xətti