Bəzi hallarda oğurlanan metal əşyalar ya dəyər-dəyməzinə müxtəlif şəxslərə satılır, ya da həmin əşyalar metal qəbulu məntəqələrinə aparılır. Sonda isə bu metal əşyaların oğurluq olduğu məlum olur və həm oğurluq edən, həm də həmin metalı qəbul edən şəxslər cəzalandırılır. Bəs görəsən metal qəbulu məntəqələrində çalışan şəxslər gətirilən əşyaların oğurluq olub-olmamasını necə müəyyən edirlər? Əməkdaşlarımız həm Bakıda, həm də Sumqayıtda belə məntəqələrdə olublar və bu məsələni araşdırıblar.
Kanalizasiya quyularının qapaqlarının çərçivə hissələri, müxtəlif ölçüdə dəmir borular və artmaturlar. Bunların necə əldə olunub metal qəbulu məntəqələrinə satılması sual doğurur. Bu dəmirlər oğurluq ola bilərmi?
Həm paytaxda, həm də Sumqayıtda yerləşən metal qəbulu məntəqələrinə gətirilən metal əşyaların oğurluq olub-olmadığını araşdırmaq üçün bu məntəqələrdə çəkiliş apardıq. Görəsən məntəqələrdə çalışan şəxslər gətirilən əşyaların oğurluq olub-olmadığını necə müəyyənləşdirirlər?
Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən bu metal qəbulu məntəqəsində çəkiliş edən zaman məlum oldu ki, buraya kanalizasiya quyularının qapağının çərçivəsi və müxtəlif dəmir borular gətirilib.
Bakıda isə metal qəbulu məntəqələri işlədənlər deyirlər ki, bunun üçün rəsmi qaimə hazırlanıb. Gətirilən istənilən əşyanı almazdan öncə həmin qaimədə şəxsin ad-soyadı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilir.
Metal qəbulu məntəqələri işlədən şəxslərə tövsiyə olunur ki, şübhə doğuran metal əşyalar gətirildiyi zaman polisə məlumat versinlər.