Özünü polis kimi təqdim edən agentliyin direktor müavini həbs edildi

17:58 - 18 İyul 2021 - HADİSƏ

“Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olmuşdur. Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan bildirilib. Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək iyunun 15-də “Dalğa” otelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib ondan 130 manat məbləğində pul almış, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb etmiş, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır. Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə istintaq davam edir.

Xəbər xətti