"Bu, təkcə Azərbaycan mediasına deyil, dünya mediasına qarşı yönəlmiş bir terror aktıdır".
Ucnoqta.az xəbər verir ki, bunu AzTV QSC-nin sədri Rövşən Məmmədov bildirib: "Biz bu hadisəni qəti şəkildə pisləyirik. Bu, təkcə Azərbaycan jurnalistikasına deyil, dünya bütün mediasına yönəlmiş terror aktıdır. Hesab edirik ki, dünya ictimaiyyəti bu hadisəyə öz layiqli qiymətini verməlidir. Allahdan həmkarlarımıza rəhmət ailələrinə səbir diləyirik".
Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.///Apa