Uğurlu siyasi kurs davam etdirilir

17:08 - 17 May 2021 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 may 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına geniş müsahibə vermiş və bir çox vacib məsələlər barədə öz fikirlərini söyləmişdir.

Qeyd etmişdir ki, O, hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər etmiş, həmin səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmamış, hər biri taleyüklü problemlərin həllinə xidmət etmiş və bu zaman regionda siyasi maraqları olan qüvvələrə xüsusi mesajlar vermişdir.

Son iyirmi il ərzində Naxçıvan Muxtar Respublikasında Ümumi daxili məhsul 10 dəfədən çox artmış və onun büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanılmışdır. Kənd təsərrüfatı sahəsində mühüm işlər görülmüşdür.  Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvan özünü südlə də təmin edəcəkdir.

Muxtar respublikada çoxsaylı infrastrurktur layihələri həyata keçirilir. Ordubad şəhərində içməli su və kanalizasiya istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Vaxtilə işıq olmayan Naxçıvanda elektrik enerjisi ilə təchizat 100 faizə şatmışdır. Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Məlumdur ki, Naxçıvan böyük turizm potensialına malikdir. Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır.

Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı Muxtar Respublikanın təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Belə ki, bölgənin təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi vardır. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulmuş və olmayan bir çox hissələr yaradılmışdır.

Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Onun   həm Muxtar Respublikanın hüdudlarının müdafiə edilməsində, həm də ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır.

Prezident bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişəni   Azərbaycan təkbaşına həll edib. Belə ki, biz  həm döyüş meydanında, həm də  masa arxasında qələbə qazanmışıq. Məhz döyüş meydanında qazandığımız Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

Son zamanlar səslənən revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməyəcəkdir. Ermənistan siyasətçiləri dərk etməlidirlər ki, onlarda nə güc, nə iradə, nə də hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasınlar.  Bu, onlar üçün siyasi və hərbi intihar aktıdır.

Onlar bilməmilidirlər ki, əgər hər hansı bir təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Dəmir yumruq yerindədir.

Məlumdur ki, 40 kilometrlik Zəngəzur dəhlizi Naxçıvanı Ana Vətəndən ayırır. Bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edərək, Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoymuşdur. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvanda dəmir yolu fəaliyyət göstərir və həm sərnişin, həm də yük daşımaları həyata keçirilir.

Azərbaycanda əldə olunan bütün uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ona görə də Heydər Əliyevin irsi tədqiq olunmalıdır. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük nüfuz qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya qədər ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda erməni işğalının qabağını alındı. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. Məhz əldə olunmuş Zəfərin təməli Ulu Öndər tərəfindən qoyulmuşdur və bu gün də həmin uğurlu siyasi kurs İlham Əliyev layiqincə davam etdirilir.

Aytən Süleymanova,
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, rayonun fəal gənci

 

Xəbər xətti