Bu gün “Azərkitab” Kitab Təbliğatı Mərkəzi və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
Şuradan Ucnoqta.az-a verilən məlumata görə, toplantı Ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MŞ sədri Əflatun Amaşovun müəllifi olduğu “Heydər Əliyevin media dərsləri” kitabının təqdimatı kimi də yadda qalmış tədbiri giriş sözü ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov açıb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana dövlətçilik irsini miras qoyduğunu vurğulayıb. Bu irs çoxşaxəlidir. Özünü ən müxtəlif sahələrə, o cümlədən mədəniyyətə təsirdə də göstərməkdədir. Tarixi xidmətlərinə görə onun əziz xatirəsi hər zaman yaddaşlarda qalacaqdır, dərin hörmət və ehtiramla yad ediləcəkdir.
MŞ sədri Əflatun Amaşov Heydər Əliyevi medianın gücündən məharətlə istifadə etməyi bacaran siyasi lider və şəxsiyyət kimi səciyyələndirən cəhətlərə toxunub. O bildirib ki, özünün bütün həyatını Azərbaycanın tərəqqisinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğa həsr etmiş Ulu öndər jurnalistikaya hər zaman yüksək dəyər verib. Onun jurnalistlərlə təmasları, ayrı-ayrı görüşləri, müsahibələri özlüyündə tarixdir. “Heydər Əliyevin media dərsləri” kitabında əsasən bu məqamlara diqqət yetirilib, həmçinin orada Ümummilli Liderlə bağlı xatirələr toplanıb”, - deyə Ə.Amaşov bildirib. MŞ sədri həmçinin vurğulayıb ki, Heydər Əliyev siyasətinin mahir davamçısı olan Prezident İlham Əliyev də mediaya həssas münasibəti, diqqət və qayğını dövlət siyasətinin mühüm tərkib hissəsinə çevirib.
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin kafedra müdürü, professor İradə Hüseynova, Milli Məclisinin deputatı Aydın Hüseynov, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Heydər Əliyev şəxsiyyətinin həyat və fəaliyyətindəki örnək məqamlardan söz açıblar. Onlar bildiriblər ki, Azərbaycanın xilaskarı olan Ulu öndər dövlət başçısı olduğu dönəmdə 44 günlük müharibədəki zəfərimizi şərtləndirən beynəlxalq diplomatik fəaliyyətin əsasını qoyub. Onun layiqli davamçısı olan Prezident İlham Əliyev bu kursu qüsursuz şəkildə icra edərək, həmçinin müasir dövrün proseslərinə ustalıqla uyğunlaşdıraraq tarixi ədalətin bərpasında – torpaqlarımızın işğaldan qurtulmasında son dərəcə böyük əzm və iradə nümayiş etdirib. Çıxış edənlər eyni zamanda “Heydər Əliyevin media dərsləri” kitabının əhəmiyyətini vurğulayaraq, oradakı materialların seçiminə həssaslıqla yanaşıldığını, müxtəlif məqamların ətraflı təhlil edildiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, toplantıya BDU-nun, Mədəniyyə və İncəsənət Universietinin, Gömrük Akademiyasının tələbə və müəllim kollektivi onlayn rejimdə qoşulub.