ÜST daha bir peyvəndi istifadə üçün TƏSDİQLƏDİ

00:01 - 8 May 2021 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” şirkətinin COVID-19 virusu əleyhinə peyvəndini təcili istifadəyə təsdiqləyib.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, bununla ÜST-ün COVID-19 virusu əleyhinə təcili istifadə üçün təsdiqlədiyi peyvəndlərin sayı 6-ya çatıb. “Sinopharm” peyvəndi ilə bağlı hesabatları təhlil edən ÜST-ün Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) 2 dozalı vaksinin 18 yaşdan yuxarı şəxslərə vurulmasına razılıq verib. Bu qərar “Sinopharm” peyvəndinin COVAX təşəbbüsü çərçivəsində paylanmasına imkan yaradacaq.

Güman olunur ki, yaxın günlərdə ÜST Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi barədə də oxşar qərar verəcək.

Qeyd edək ki, “Sinopharm” şirkətinin COVID əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Xəbər xətti