Səmranın yeni klipi müzakirələrə səbəb oldu - FOTO

17:28 - 1 Mart 2021 - MAQAZİN

Müğənni Səmra Rəhimli müzakirələrə səbəb olacaq layihə təqdim edib.

Şənbə günü premyerası olan "Göz" klipi sosial şəbəkələrin gündəmini zəbt edib.
İfaçının sözügedən layihəsi bəyənilməklə yanaşı çoxlu sayda tənqidlərə məruz qalıb. Rejissoru, ssenaristi və stilisti İlahə Bax (ifaçının anası- red.) olan ekran işi cəsarətli səhnələr, sosial mesajlarla zəngindir. Klipdə feminizm, cinsi bərabərlik, intihar kimi məsələlərə toxunulub.

İlahə Bax qınaqlara səbəb olan klip barədə qafqazinfo-ya açıqlama verib.
O, layihədə əsas diqqətin sosial mesajlara yönəlməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Manikenlərin üstündə bir çox işarələr əks olunub. Cinsi bərabərlik, feminizm və s. Qeyd edim ki, hamısını öz əllərimlə çəkmişəm.

Hazırda cəmiyyətdə intiharların artması ilə də bağlı mesaj ötürülüb. Sözügedən işarəli manikenlərin asılı vəziyyətdə olmasının açıqlaması belədir: cəmiyyətin ideal olmadıqları halda başqalarını qınayaraq həyatdan bezdirməsi. 

Həmçinin bir kadrda öndən qapalı, uzun paltar geyinmiş və özünü cəmiyyət arasında utancaq, tərbiyəli qızcığaz kimi göstərən, lakin arxasını çevirən zaman onun lüt olması əks olunub. Burda mesaj odur ki, əslində o qız heç də elə deyil. Yəni, bu cür insanlar saf olmadıqları halda başqalarını qınayır, səhv tutmağa çalışır.

Sonda isə Səmranın mələkdən bədheybətə çevrilməsi səhnəsində insanlara "kim hansı üzümü görməyə layiqdirsə, onu göstəririk" mesajını vermişik. Lazım gələrsə, mələk bədheybətə çevrilib ona maneə olmağa çalışan amilləri məhv etmək gücünə malikdir.

Səmranın əlində ilanı göstərməkdə məqsəd isə onun düşmənini özünə ram edib əlində oyuncağa çevirməsidir".


Xəbər xətti