Yəmən aeroportunda partlayış törədilib, ölən və yaralananlar var

17:40 - 30 Dekabr 2020 - DÜNYA

Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında yeni hökumətin üzvlərini daşıyan təyyarə yerə enərkən törədilən partlayış və silahlı hücum nəticəsində azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Baş nazir Müin Əbdülməlik Səid və hökumət üzvləri, habelə Səudiyyə Ərəbistanının səfiri Məhəmməd Səid əl Cabbar xəsarət almadan “Maasheq Palace” hökumət iqamətgahına çatdırılıblar.

Baş nazir bu barəd tvitter səhifəsində aşağıdakıları paylaşıb: “Biz və hökumət üzvləri hazırda müvəqqəti paytaxt Ədəndəyik və hər şey yaxşıdır. Qorxaq terrorçuların Ədən hava limanını hədəf alan bu əməli Yəmən dövlətinə və böyük xalqına qarşı aparılan müharibənin bir parçasıdır”.

BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits də tvitterdə bu hücumu “yolverilməz zorakılıq” kimi kəskin şəkildə qınayaraq ölənlərin ailələrinə başsağlığı verib.

 

Xəbər xətti