Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
KİVDF-dən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi məqsədilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə aşağıdakı mövzulardan biri üzrə yazı təqdim edilə bilər:
1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu: Azərbaycanda dövlət quruculuğu istiqamətində intensiv islahatlar;
2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi: “fake xəbər” və “deep fake”lə mübarizə üsulları;
3. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi: Qarabağ Azərbaycandır!
4. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
5. Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
6. azərbaycançılıq ideyasının təbliği;
7. işğaldan azad olunmuş ərazilərimizin turizm potensialı;
8. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
9. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
10. multikulturalizmin Azərbaycan modeli – birgəyaşayışın parlaq nümunəsi;
11. informasiya mübarizəsi və onun həyata keçirilmə mexanizmləri;
12. elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində yeniliklərin təşviqi;
13. pandemiya ilə mübarizədə medianın rolu və fəaliyyət istiqamətləri;
14. yuxarıda qeyd olunan 13 (on üç) mövzudan birini əhatə edən xarici dilli yazılar (ingilis və ya rus dilində).
Müsabiqəyə hər jurnalist tərəfindən yalnız bir yazı təqdim edilir.
Müsabiqədə iştirak edə bilər:
Müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən jurnalistin bu Qanunla müəyyən edilmiş statusunun şamil olunduğu şəxslər (kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri) iştirak edə bilərlər.
Müsabiqənin ümumi şərtləri:
Elanda göstərilən mövzuların hər biri üzrə 3 (üç) əsas mükafatçı müəyyən edilir və aşağıdakı qaydada birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:
1. birinci yer – 1000 (bir min) manat məbləğində;
2. ikinci yer – 700 (yeddi yüz) manat məbləğində;
3. üçüncü yer – 500 (beş yüz) manat məbləğində.
Fond ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətləri və yazılı rəyləri ümumiləşdirməklə Elanda göstərilən mövzular üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan əlavə həvəsləndirici yer (yerlər) nəzərdə tuta bilər.
Müsabiqəyə müraciət:
Müsabiqəyə müraciət məlumatların və sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi və ya həmin məlumat və sənədlərin kağız daşıyıcıda Fonda təqdim edilməsi yolu ilə edilir.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” vasitəsilə müsabiqəyə müraciət:
Müsabiqəyə elektron qaydada müraciət etmək üçün jurnalist “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nda (bundan sonra – Elektron informasiya bankı) qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.
Qeydiyyatdan keçmək üçün Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər daxil edilməlidir:
1. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin skan edilmiş surəti;
2. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayışın skan edilmiş surəti;
3. jurnalistin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti (əgər varsa).
Müsabiqəyə müraciət zamanı Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər təqdim edilməlidir:
1. Müsabiqəyə müraciət formasının skan edilmiş surəti (Bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (ƏLAVƏ 1);
2. yazı;
3. jurnalistin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti (əgər varsa).
Sənədlərin kağız daşıyıcıda Fonda təqdim edilməsi yolu ilə müsabiqəyə müraciət:
Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən jurnalistdən aşağıdakı sənədlər tələb olunur:
1. Müsabiqəyə müraciət forması (Bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır);
2. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;
3. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayış;
4. yazı (3 nüsxədə);
5. jurnalistin bank rekvizitlərini əks etdirən sənəd (əgər varsa).
Yazıya dair tələblər:
Yazılar aşağıdakı tələblərə cavab verməklə təqdim edilir:
1. Elanda göstərilən ilk 13 (on üç) mövzu üzrə Azərbaycan dilində, 14-cü mövzu üzrə isə ingilis və ya rus dilində təqdim edilməlidir.
2. Heç bir yerdə dərc edilməməli, yayımlanmamalı və paylaşılmamalıdır.
3. Mətnin həcmi 900-1000 söz aralığında olmalı, A4 kağızına uyğun formatda, səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında “Times New Roman” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır.
4. Plagiata yol verilməməlidir (jurnalist digər kütləvi informasiya vasitəsinin və ya jurnalistin materialının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər).
Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən jurnalistin təqdim etdiyi yazı yuxarıda göstərilənlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:
1. Elanda göstərilən mövzulardan hansına aid olduğu (mövzunun sıra nömrəsi və adı) yazının sərlövhəsindən əvvəl qeyd edilməlidir.
2. Üç nüsxədə hazırlanmalı, birinci nüsxəsi müəllifin şəxsi məlumatları (soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa), hazırda işlədiyi kütləvi informasiya vasitəsi), tarix və imza göstərilməklə, digər nüsxələri isə yalnız tarix göstərilməklə tərtib edilməlidir.
Müraciətlərin qəbulu 09 dekabr 2020-ci il tarixindən 16 dekabr 2020-ci il saat 12:00-dək həyata keçirilir.
Müsabiqəyə elektron qaydada müraciət barədə video təlimatı buradan izləyə bilərsiniz.