AMEA Aşqarlar Kimyası İnstitutunda beynəlxalq laboratoriya yaradılacaq

15:47 - 3 Mart 2017 - Cəmiyyət

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin tapşırığı əsasında İnstitutun aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev martın 1-dən Türkiyədə elmi ezamiyyətdədir.
İns­ti­tu­tun İctimaiyyətlə əlaqələr şöbəsindən ucnoqta.az-a verilən məlumata görə, beş günlük səfərdə məqsəd AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti və Ərzurum Atatürk Universitetinin kimya bölmələri arasında müştərək beynəlxalq laboratoriyanın yaradılmasını müzakirə etməkdir.
Martın 2-də Əfsun Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşüb. Tərəflər görüləcək konkret işləri müəyyənləşdirərək beynəlxalq laboratoriyanın yaradılması ilə bağlı bütün məsələləri razılaşdırıb. Hazırda Ərzurum Atatürk Universitetinin Kimya bölməsinin rəhbərliyi ilə də danışıqlar aparılır. Yaxın vaxtlarda beynəlxalq laboratoriyanın yaradılması məqsədilə tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir. 
Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu Türkiyənin hər iki universitetinin kimya bölmələri ilə müştərək tədqiqatların aparılması, gənc alim və mütəxəssislərin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı əməkdaşlıq edir.


Xəbər xətti