Ukrayna fevralın 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olacaq. Ukrayna sədrliyinin əsas tədbirləri Avropada münaqişələrin həlli üzrə yüksək səviyyəli görüş və infrastrukturun vacib obyektlərinə terror hücumlarının qarşısının alınması üzrə açıq debatlar olacaq. "Report"un BMT-nin xəbərlər mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko bildirib. Onun sözlərinə görə, hər iki iclasa Ukrayna xarici işlər naziri Pavel Klimkin sədrlik edəcək. Səfir fevral ayında Ukrayna prezident Petro Poroşenkonun da BMT-yə gəlişinin mümkünlüyünü istisna etməyib. BMT baş katibi Antoniu Quterriş Avropada münaqişələrin həlli üzrə yüksək səviyyəli iclasda şəxsən iştirak etmək niyyətində olduğunu bildirib.