Emin Ağalarov Barselonadan zeytun ağacları gətirtdi - VİDEO

13:22 - 5 Avqust 2025 - Cəmiyyət

Tanınmış iş adamı və sənətçi Emin Ağalarov özünün “Instagram” hesabında maraqlı paylaşım edib. O bildirib ki, Barselonadan xüsusi olaraq iriölçülü və nadir növlü zeytun ağacları Bakıya gətirilib.

Ucnoqta.az musavat-a istinadən xəbər verir ki, Ağalarovun paylaşdığı görüntülərdə aydın görünür ki, bu zeytun ağacları Azərbaycanın “Sea Breeze” istirahət kompleksində salınması planlaşdırılan eksperimental zeytun bağı üçün nəzərdə tutulub. Video çarxda ağacların iri gövdəli və uzunömürlü olması xüsusi olaraq vurğulanır.

Emin Ağalarov qeyd edib ki, bu addım həm estetik məqsəd daşıyır, həm də gələcəkdə Azərbaycanda yeni zeytun növlərinin yayılması üçün başlanğıc rolunu oynaya bilər.

Lakin məsələ ictimai maraq da doğurub. Belə ki, sosial şəbəkələrdə bir çox izləyicilər sual edirlər: “Zeytunla zəngin Bakı və ətraf bölgələr varkən, niyə bu ağaclar məhz İspaniyadan – Barselonadan gətirilib?”

Mütəxəssislərin bildirdiyinə görə, gətirilən ağaclar Azərbaycanda yayılmış adi zeytun növlərindən fərqlənir. Onlar daha qədim və dekorativ cəhətdən unikal sayılır. Layihənin məqsədi bu fərqli növlərin iqlimə uyğunluğunu yoxlamaq və uğur qazanacağı təqdirdə daha geniş miqyasda yayılmasını təmin etməkdir.

Qeyd edək ki, Emin Ağalarov rəhbərlik etdiyi “Sea Breeze” layihəsi çərçivəsində bir çox fərqli və eksperimental ideyaları gerçəkləşdirməklə tanınır. Onun təbiətə, estetika və landşaft dizaynına verdiyi önəm bu layihələrdə özünü açıq şəkildə göstərir.

Musavat.com görüntüləri təqdim edir.

Xəbər xətti