Beyləqan və İmişli rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin riyaziyyat müəllimləri ilə növbəti görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov və struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüşdə son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən danışılıb.
Region üzrə ümumtəhsil məktəblərində şagirdlərin riyazi biliklərinin daha da artırılması yolları müzakirə olunub və təhlil edilib. Şagirdlərin riyaziyyat dərslərində çətinlik çəkdikləri məqamlar və məsələ həllərində səhvə yol vermələrinin səbəbləri aydınlaşdırılıb və həlli yolları ilə bağlı tövsiyələr verilib.
Şagirdlərlə işin təşkili, onlarda uzunmüddətli motivasiya və özünəinam hisslərinin formalaşdırılması ilə bağlı söhbət aparılıb. Məktəblərdə riyaziyyat fəninin tədrisinin daha da gücləndirilməsi və fənn üzrə nəticələrin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.