Yaponiya mayın 30-da ABŞ-la rüsumlar üzrə ticarət danışıqlarının dördüncü raundunu keçirməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.
Danışıqlarda Tokionu təmsil edən Yaponiyanın İqtisadi Bərpa naziri Ryosei Akazavanın Vaşinqtonda ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşü gözlənilir.
Yaponiya və ABŞ artıq üç raund danışıqlar keçirib. Mayın əvvəlində Akazava bildirib ki, tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar.
Bununla belə, üçüncü raunddan sonra o, Tokionun 15-17 iyun tarixlərində Kanadanın Kananaskis (Alberta) kurort zonasında keçiriləcək Yeddilik Qrupu (G7) sammitində Vaşinqtonla razılığa gəlməyə ümid etdiyini söylədi.
Kyodo mənbələrinin məlumatına görə, Yaponiya tərəfi G7 sammiti çərçivəsində Yaponiyanın baş naziri Şiqeru İşiba ilə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüş təşkil etmək istərdi. Bundan əvvəl ticarət danışıqlarının beşinci raundu baş tuta bilər.